''Beşiktaş'' mövsümü o qədər zəif keçirir ki, fanatlar artıq indidən ''futbol ili''nin bitməsini arzulayırlar.
Superliqada tarixinin ən zəif mövsümünü keçirən ''Qartal'' Çempionlar Liqasında da bərbad çıxış edir. Halbuki püşk zamanı ''Beşiktaş'' o qədər də çətin olmayan qrupa düşəndə fanatlar bunu sevinclə qarşılamışdı. Amma indi elə vəziyyət yaranıb ki, İstanbul nəhəngi 32 klub arasında ÇL-də 5 turdan sonra aktivində xal olmayan yeganə kollektivdi! Turnirin antirekordçuları sırasına düşməmək üçün ''ağ-qaralar'' bu gün formal xarakter daşıyan matçda səfərdə Dortmund ''Borussiya''sından xal almalıdı. Ən əsası ''Beşiktaş'' bu gün də məğlub olacağı halda ''Fənərbaxça''ya məxsus antirekordu yeniləyərək ÇL-də ən zəif performans sərgiləyən Türkiyə klubu olacaq!
Bu, inanılmaz səslənir. Çünki cəmi bir neçə il öncə ''Beşiktaş'' Avropanın ən mötəbər klub turnirində yaxşı mənada tarix yazmışdı. 2017/18-də Şenol Günəşin başçılığı altında komanda qrupda uduzmamış və 14 xal toplamışdı. ''Beşiktaş'' həmin vaxt uduzmamaqla və topladığı xalla Türkiyə klubları arasında bir ilkə imza atmışdı. Amma indi hər şey tərsinədi. Dortmundda komanda ÇL-də yubiley - 50-ci oyununa çıxacaq. Bu yubileyi matçı həm də antirekord oyununa çevrilə bilər. Hazırda 5 turdan sonra ''Beşiktaş''ın top fərqi mənfi 11-ə bərabərdi (3-14). Türkiyə klubları arasında antirekord ''Fənərbaxça''ya məxsusdu. 2001/02-də ''Fənər'' qrup mərhələsini 6 məğlubiyyət və mənfi 9 (3-12) top fərqi ilə bitirmişdi. ''Beşiktaş''ın artıq indidən daha pis top fərqinə malik olduğunu nəzərə alsaq, komandanın Türkiyə təmsilçiləri arasında antirekordçu olmaması üçün yeganə çıxış yolu uduzmamaqdı.