Ölkə çempionatının 13-cü turu çərçivəsində "Neftçi” doğma meydanda "Sumqayıt"ı sınağa çəkib.
"Football-plus.az" saytının məlumatına görə, matç qolsuz bərabərliklə yekunlaşıb. Oyundan sonra baş tutan mətbuat konfransında flaqmanın baş məşqçisi Samir Abasov ilk öncə oyun haqda fikirlərini bildirib.
- Son zamanlar zədəlilərin sayının artması nədən qaynaqlanır?
- Xorxe Korreanı 10 gün əvvəl məşqdə arxadan vurdular, zədələndi. Ola bilər ki, qış fasiləsinə yaxınlaşırıq, yorğunluqdan qaynaqlanır. Üstəlik, mövsümə də daha erkən başlamışdıq. Ancaq bəhanə axtarmaq istəmirəm. Hər bir komandada belə şey olur. Elə Ronaldonun da başına eyni şey gəlib - analoji nahiyədə zədə alıb.
- Qışdan sonra vəziyyəti düzəltmək üçün nələri dəyişəcəksiniz?
- Fikirləşirik. Bu, daxili mətbəxin işidi. Axtarışdayıq. Bu vəziyyətdən akademiyasının uşaqları yaxşı qazanc əldə edə bilər. Onların da bu yükün altından necə çıxa biləcəklərini zaman göstərəcək. Heç bir futbolçumuz əlini yanına sallayaraq oynamır.
- Məlum idi ki, rəqibiniz müdafiədən oynayacaq. Bir sıra futbolçularınızda ani qərar vermək gecikirdi...
- Əlbəttə, oyunçu tez qərar verməlidir. Bu, futbolçunun şəxsi bacarığına bağlıdı. Həm də rəqib çox sıx oynayırdı. Disbalans var və bunu qısa zamanda aradan qaldıra bilməyəcəyik.