Dekabrın 2-də AFFA İcraiyyə Komitəsinin iclası keçirildi. Toplantıda Canni de Byazinin yığmada işini davam etdirməsi haqda qərar verildi. Onunla 10 aylıq yeni müqavilə bağlanıb. Başbilənlər həmçinin Gəncədə futbol akademiyasının yaradılması, bölgə futbolunun inkişafı ilə bağlı fondun təsis olunmasını qərara aldılar. Yuxarıda sadalanan bütün məsələlər, ümumiyyətlə, ölkə futbolunun durumu ilə bağlı fikirlərini öyrənmək üçün Milli Məclisin üzvü Naqif Həmzəyevlə əlaqə saxladıq.
- Sizcə, AFFA-nın Canni de Byaziylə daha 10 aylıq müqavilə bağlaması doğru addımdı?
- Azərbaycan hökuməti idmana çox böyük diqqət ayırır. İdmançılarımız da həmişə ölkəmizin bayrağını ucaldır. Bir çoxları Azərbaycanı yüksək səviyyədə təmsil edir. Amma uğurlarımız daha çox fərdi idman növlərində olur. Komanda şəklində nəticələrimiz o qədər də ürəkaçan deyil. Və ya burda qazanılan uğurlar davamlı deyil. Xüsusilə də futbolda, milli komanda səviyyəsində elə də böyük uğurlarımız yoxdu. Komanda hansısa dövrdə qələbələr qazanıb. Amma biz bunun davamlı olmasını istəyirik. Azərbaycan millisinin beynəlxalq turnirlərdə yüksək səviyyədə iştirakını, uğurlu nəticələr əldə etməsini arzulayırıq. Bunun olmamasının da müxtəlif səbəbləri var. Ancaq düşünürəm ki, bu problemlər aradan qalxacaq. De Byazi ilə 10 aylıq yeni müqavilə bağlanmasına qərar verildi. İtaliyalı məşqçinin qarşısına konkret şərtlər qoyulub. Ümid edirik ki, onunla qarşıya qoyulan hədəflərə çata biləcəyik. Ən azı artıq oyunçuları tanıyır. Bu baxımdan uğur əldə edə bilər. Amma fikrimcə, daha yaxşı məşqçi tapmaq olardı. Yəqin bu, mümkün olmadığı üçün belə qərar verilib.
- Bir çoxları yığmanı yerli mütəxəssisin çalışdırmasını istəyir.
- Təbii ki, milli komandanın baş məşqçisinin yerli mütəxəssis olması fikrini mən də dəstəkləyirəm. Bunun olmasını çox istəyərdim. Amma belə təcrübədən istifadə olundu. Qurban Qurbanov həm millini, həm də “Qarabağ”ı çalışdırırdı. Amma sonradan Ağdam təmsilçisini seçdi. İstənilən halda, çalışmalıyıq ki, yerli məşqçilərimizin sayı çox olsun.
- Hansı yerli mütəxəssisi millinin baş məşqçisi kimi görürsüz?
- Keyfiyyətli yerli məşqçi çox olmalıdı ki, belə seçim qarşısında qalmayaq. Həm millini, həm də klublarımızı yerli mütəxəssislərin çalışdırması üçün zaman lazımdı. Amma belə bir reallıq var ki, hamı azərbaycanlı məşqçinin yığmada daha faydalı ola biləcəyini düşünür. Bu fikrə mən də qoşuluram. Qurban Qurbanov “Qarabağ”da çox uğura imza atıb. Demək olar ki, üzümüzü ağ edən məşqçidi. “Qarabağ”da çox yaxşı komanda formalaşdırıb. Onlar bu idman növünü peşəkarlarıdı. “Qarabağ” Azərbaycanı Avropada layiqincə təmsil edir.
- Sosial şəbəkə hesablarınızdan klublarımızın avrokubok matçlarını stadiondan izlədiyinizi görürük. Sizcə, klublarımızın millidən daha yaxşı oynamasının səbəbi nədi?
- Həqiqətən də futbolu çox sevirəm. Klublarımız avrokuboklarda iştirak edərkən onların oyunlarına getməyi və dəstəkləməyi özümə borc bilirəm. Sualınıza gəlincə, məsələn, elə götürək “Qarabağ”ı. Qurban Qurbanov uzun illərdi burda çalışır, futbolçuları çox yaxşı tanıyır. Düzdü, büdcəsi o qədər böyük olmasa da, klub buna uyğun transferlər həyata keçirir. Komandaya qoşulan futbolçular da qısa müddətdə uyğunlaşır. Bu səbəbdən də yaxşı nəticə əldə olunur. Bundan əlavə, güclü nizam-intizam var. Hamı qaydalara tabe olur. Klublarımızda qarşılıqlı hörmət və dostluq münasibəti var. Amma yığmada oyunçular bir yerdə çox olmurlar. Burda əcnəbi futbolçular da yoxdu. Yəni nəyimiz varsa, onunla kifayətlənirik. Bundan başqa, bizdə uşaq futbolu o qədər də inkişaf etməyib. Təəssüf ki, yerli futbolçuları, mütəxəssisləri və idmançıları yetişdirməkdə çətinlik çəkirik. Xüsusilə də regionlarda uşaq futboluna sərmayə qoymalıyıq. Bölgələrdə Futbol Akademiyalarının fəaliyyət göstərməsinə şərait yaratmalıyıq. Bundan sonra çalışmalıyıq ki, millidə və klublarda oynaya biləcək bacarıqlı, keyfiyyətli futbolçular yetişsin. Bu baş verəcəyi təqdirdə, klublarla yanaşı, millinin də uğur qazanacağını düşünürəm.
- İcraiyyə Komitəsi Gəncədə Futbol Akademiyasının yaradılması ilə bağlı qərar qəbul edib. Buna münasibətiniz?
- Bu qərarı müsbət qiymətləndirirəm. Bilirsiz ki, Gəncədə həmişə futbol olub, bu şəhərdə “idmanın şahı”nın ənənələri yüksək səviyyədə olub. Gəncəlilər futbolu seviblər. Həqiqətən də bizim şəhərdə çox bacarıqlı uşaqlar var ki, onlara dəstək olsa, futbol təhsili alsalar, hər şey əla olacaq. Amma regiondan, xüsusən də Gəncədən gəlib, Bakıda yaşamaq, idmanla məşğul olmaq çətindi. Ailələrin buna imkanı çatmır. Bu səbəbdən də hansısa uşaq müəyyən yaş dövründən sonra futboldan uzaqlaşır. Buna görə də Gəncədə Futbol Akademiyasının olması çoxdankı arzumuz idi. Düşünürəm ki, bu addım təkcə Gəncə futbolunun yox, bütövlükdə Azərbaycanda bu idman növünün inkişafına səbəb olacaq.
- Növbəti mövsümdə “Kəpəz”in premyer-liqada iştirakı gözlənilir. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov belə fikir səsləndirib. Gəncə təmsilçisi buna hazırdı?
- “Kəpəz” həmişə yüksək liqada iştirak edib, dəfələrlə çempion olub. “Kəpəz”in yenidən premyer-liqada olması hamının arzusudu. Bununla bağlı dəfələrlə həm sosial şəbəkələrdə, həm də mediada fikirlərimi bildirmişəm. Hətta parlamentdə büdcənin müzakirəsi zamanı “Kəpəz”in premyer-liqaya gətirilməsinin vacibliyini, AFFA-ya bunun üçün əlavə vəsait lazım olacağı təqdirdə ayrılmasını xahiş etmişəm. Şükürlər olsun ki, “Kəpəz” yeni mövsümdən premyer-liqaya qayıdacaq. Hazırda komandada çox yaxşı oyunçular var. Ən əsası odu ki, bu futbolçuların hamısı yerlilərdi. “Kəpəz”in gücü və potensialı var ki, premyer-liqada çıxış etsin. Premyer-liqada çıxış etdikcə komandamız gücünə güc qatacaq. Hətta yaxın 3-4 ildə “Kəpəz” avrokuboklarda da iştirak edə biləcək. Mən bu təklifi və qərarı alqışlayıram. “Kəpəz”ə növbəti mövsümdə uğurlar arzulayıram.
- “Kəpəz” yenidən premyer-liqaya gəlsə, komandanın maddi planda güclənməsi üçün hansısa addımlar ata bilərsiz?
- Təəssüf ki, klublarımızda marketinq işi çox zəif qurulub. Komandaların çoxlu azarkeşləri olsa da, onlar öz formalarının, atributlarının satışını təşkil edə bilmirlər. Sponsorlarla düzgün əlaqə yaratmırlar, reklam ala bilmirlər. Düşünürəm ki, “Kəpəz” premyer-liqaya qayıdandan sonra bu işlərin həlli üçün yaxşı komanda formalaşdırmalıdı. Mütləq şəkildə PR və marketinq işləri ilə məşğul olmalıdılar ki, əlavə qazanc gəlsin. Hətta ianələr toplaya bilərlər. Çünki “Kəpəz”in çoxlu azarkeşləri və sevənləri var. Fikrimcə, komanda premyer-liqaya qayıdandan sonra həm sponsorları, həm də Gəncədən olan iş adamlarını cəlb edə bilərik. Bunun üçün hamı kimi mən də komandaya dəstək olmağa hazıram.
- Gələn il Azərbaycanda futbolun inkişafı üçün dövlət tərəfindən hansısa addımın atılması gözlənilir?
- AFFA-nın büdcəsi var. Dövlət tərəfindən bu qurumun maliyyəsi qarşılanır. AFFA-nın qarşısına xüsusi tələblər qoyulub. Düşünürəm ki, həm milli, həm də federasiya üçün yeni dönəm başlayır. AFFA ölkə futboluna ayrılan vəsaitin düzgün və effektli xərclənməsini həyata keçirəcəyi təqdirdə Azərbaycan futbolunun inkişafında irəliləyiş görə bilərik. Xüsusilə də işğaldan azad olunan torpaqlarımızda, əsasən də Ağdamda “Qarabağ” üçün stadion tikilməsini və Futbol Akademiyasının yaradılmasını hamı arzulayır. Yaxın illərdə bunun şahidi olacağıq. Azərbaycan futbolunun inkişafını istəyiriksə, paytaxtdan regionlara istiqamətlənməliyik. Belədə həqiqətən də Azərbaycan futbolundan danışa biləcəyik. Hazırda ölkə sanki ancaq Bakı futbolundan ibarətdi. Bu problemi həll etməliyik. AFFA da bunu çox gözəl anlayır. Gəncədə akademiyanın yaradılması, “Qarabağ”ın Ağdamda ev oyunlarını keçirməsi istər-istəməz regionda futbolun inkişafına töhfə verəcək. Digər şəhərlərimizin klubları da mütləq şəkildə premyer-liqada təmsil olunmalıdı. Belə olan halda çempionatda klubların sayı da artacaq. Gələcək üçün əsas hədəf regionlarda futbolun inkişafı olmalıdı.
- Bu istiqamətdə Milli Məclisdə təkliflə çıxış etməyi düşünürsüz?
- Parlamentdəki çıxışlarımda gənclərimizin kütləvi şəkildə idmana yönəldilməsinin tərəfdarı olduğumu söyləmişəm. Uşaq futbolunun mütləq şəkildə inkişaf etdirilməli olduğunu demişəm. Növbəti çıxışlarımda da bu məsələlərə toxunacam. Peşəkar futbolçular yetişdirməklə yanaşı, çalışmalıyıq ki, idmana, sağlam həyata yanaşmada kütləvilik olsun. SSRİ vaxtı, hətta müstəqilliyin ilk illərində həyətlərdə uşaqların futbol və idman ilə məşğul olduğunu görürdük. Məhəllələr arasında turnirlər keçirilirdi. Məktəblərin, universitetlərin idman klubları var idi. Onlar özlərini inkişaf etdirirdilər. Məhz məhəllələrarası yarışlardan gələcəyin peşəkar idmançıları, futbolçuları çıxırdı. Mən bunu təklif etmişəm, yenidən çıxış edərək bu fikrimin üstündə duracam.
- Bir çox dövlət adamı AFFA İcraiyyə Komitəsinin üzvüdü və ya üzvü olublar. Sizin belə fikriniz yoxdu?
- Bununla bağlı hansısa hədəfim və ya fikrim yoxdu. Amma zərurət yaranacağı təqdirdə məmnuniyyətlə AFFA-nın inkişafına töhfə verməyə hazıram. Düşünürəm ki, biz deputatlar İcraiyyə Komitəsində olmasaq da, proseslərin inkişafına dəstək verməliyik. Çünki futbol hər kəsin sevdiyi və ən populyar idman növüdü. Ölkədə futbolun inkişafı üçün hamımız səfərbər və AFFA-ya dəstək olmalıyıq.
İLKİN SULTANLI