Premyer-liqanın 12-ci turunun “Neftçi” - “Səbail” oyununda bir boşluq var idi.
“Forza Neftçi” doğma komandanı dəstəkləməyə gəlməmişdi. Düzdü, azarkeş qrupu əvvəlcədən bəyanat yayaraq görüşü tribunadan izləməyəcəyini bildirmişdilər. Lakin fanklubun yoxluğu hiss olunurdu. Görəsən, “Forza Neftçi”nin komanda ilə küskünlüyü nə qədər davam edəcək? Sualımızı azarkeş qrupunun rəhbəri Sübhan Əliyevə ünvanladıq:
“Biz qayıdacağıq tribunaya. Amma bu gün komandanın oyunundan razı deyilik. Baxmayaraq ki, son turda qələbə qazandılar. “Səbail”lə oyuna özümüz gəlmədik. Çünki klub gözəl təşəbbüs irəli sürmüşdü. Həmin görüşdə gəlib, etiraz etməyimiz düzgün olmazdı. Klubun əməyini yerə vurardıq. Bizim orda olub, etiraz bildirməyimiz qadınlara münasibətdə də düz olmazdı. Amma qərar vermişik. İnşallah, növbəti oyunda yerimizdə olub, komandanın çıxışı ilə bağlı etirazımızı bildirəcəyik. Biz öz fikirlərimizi komanda düzələnə kimi səsləndirəcəyik”.