“İcraiyyə Komitəsinin qərarıdı. İnşallah, millimiz üçün uğurlu olar. De Byazi çox istəkli məşqçidi. İnşallah, bunun davamını gətirər. Ümid edirəm ki, yaxşı nəticələrimiz çox olar. Bunun sayəsində xalqımızı, millətimizi sevindirərik”.
Bu sözləri “Football-plus.az” saytına açıqlamasında “Keşlə”nin müdafiəçisi Şəhriyar Əliyev deyib. Yığmamızın üzvü Canni De Byazinin millinin baş məşqçi olaraq qalmasına münasibət bildirib. Qəsəbə təmsilçisinin üzvü çalışdırıcının qarşısına qoyulan hədəfə çata biləcəklərini qeyd edib:
“Milli komandaya hər dəfə başqa-başqa futbolçular dəvət olunur. Heç sonuncu iki görüş üçün mən çağrılmadım. De Byazinin bir sözü var ki, hamı milli komandanın üzvü ola bilər. O, fikrində də qalır. Çempionat oyunlarını izləyir. Kim özünü yaxşı tərəfdən göstərirsə, yığmaya dəvət edir. Millət Liqasında C Liqasında çıxış edəcəyik. Ümid edirəm ki, burda münasibət rəqiblərlə qarşılaşacağıq. Hazırkı milli komandanın yaxşı potensialı var. Ölkəmizi xaricdə təmsil edən oyunçulara da sahibik. Bu da yığma üçün üstünlükdü. Baş məşqçinin qarşısına məqsəd qoyublar ki, qrupdan çıxaq. İnşallah, bunun üçün əlimizdən gələni edəcəyik. Hamımız bir olsaq, bunu bacararıq. Mən də inanıram ki, bu dəfə Millətlər Liqasında qrup mərhələsinin qalibi olacağıq”.
İLKİN SULTANLI