Bazar ertəsi "France Football"un ənənəvi və nüfuzlu “Qızıl top” mükafatının 2021-ci ilin qalibinin adı bəlli olub.
Builki qalib Lionel Messidi. Argentina millisinin və PSJ-nin ulduzu bununla 7-ci dəfə adı çəkilən mükafatı qazanıb. Halbuki futbol ictimaiyyətinin əksər təbəqələri haqsızlığa yol verildiyini və mükafatın başqasına, konkret Robert Levandovskiyə çatmalı olduğunu düşünür. Bunu nəzərə alaraq, Azərbaycanı səsvermədə təmsil edən "CBC Sport" telekanalının əməkdaşı Rasim Mövsümzadə ilə əlaqə saxladıq.
- “Qızıl top”a Messi layiq görüldü. Və sizin də səsvermə hüququnuz var idi. Kimlərə üstünlük verdiz?
- Hələ mayda “Çelsi” Çempionlar Liqasının qalibi olanda “Qızıl top” sorğusunda kimə səs verəcəyimi müəyyənləşdirmişdim. London təmsilçisinin Avropanın ən güclü klub turnirində qələbə qazanmasında əsas pay sahibi olan N’Qolo Kante Fransa millisiylə AÇ-2020-də uğurlu çıxış etməsə də, fikrimcə, “Qızıl top”a layiq idi. Amma etiraf edim ki, polşalı Robert Levandovski də seçilsəydi, sevinərdim. Öz anketimdə ilk sırada Kantenin adını yazmışdım, yəni məndən 6 xal ona getmişdi. Sonra sıra ilə italiyalı Avropa çempionu Jorjinyonun (4 xal), Levandovskinin (3 xal), fransalı Kərim Benzemanın (2 xal) və nəhayət, beşinci sırada Lionel Messinin (1 xal) adını qeyd etmişdim. Yəni Messinin yekunda qazandığı 613 xalın yalnız birində mənim payım var. Səs verdiyim futbolçuların yekunda yerləri fərqli olsa da, ilk “beşliy”ə düşə bildilər.
- Yekun nəticə ilə razısız? Messi həqiqətən layiq idi?
- Respondentlərin əksəriyyəti Messiyə səs veribsə, bununla razılaşmalıyıq. Aşkar üslünlük olmasa belə, hər halda, qalib ikinci sıradakı Levandovskini 33 xal qabaqlayıb. Şəxsən mən yekun nəticənin belə olacağını gözləyirdim. Çünki Messi iyulda Argentina millisiylə Amerika Kubokunu qazanandan sonra onun bu mükafata əsas namizəd olması ilə bağlı dünya mediasında əla təbliğat aparıldı. Və bunu edənlər yekunda istəklərinə nail oldular. Amma səsvermə zamanı hansısa saxtakarlıqdan söhbət gedə bilməz. Sorğunu keçirənlər heç kimə təsir və ya təzyiq etmir.
GÜNAY VƏLİYEVA