Bu gün AFFA İcraiyyə Komitəsinin iclasında növbəti seçmə mərhələdə millinin kimin rəhbərliyi altında meydana çıxacağına aydınlıq gələcək.
Toplantı ərəfəsində futbol camiəsi fikir ayrılığına görə müxtəliq qruplara bölünüb. Bəziləri Canni de Byazini postunda saxlamağın tərəfdarıdısa, əksəriyyət yığmanın “sükan”ının yerli mütəxəssisə tapşırılmasını istəyir.
Bəs millini kim çlışdırmalıdı? İcraiyyə Komitəsinin iclası ərəfəsində bir mütəxəsis, idman yazarı və ictimai xadimin fikirlərini öyrənməyə qərar verdik.
Ceyhun Əliyev (sport 24.az saytının baş redaktoru):
“İndiki halda hesab etmirəm ki, milliyə kimsə məlhəm ola bilər. Mən baş məşqçinin yerli, yoxsa əcnəbi olmasına dair sualla bağlı bu mövqedəyəm ki, nəticə ciddi fərqə yol açmayacaq. İstər yerli olsun, istərsə də əcnəbi - bizim milli xarüqələr yaradan deyil. Əvvəllər hansısa illüziyalar qura bilərdik, indiki halda əlimi tam üzmüşəm. Ancaq seçim əcnəbidisə, yeni mütəxəssisə ehtiyac görmürəm. Canni de Byazi pis-yaxşı bu illər ərzində kollektivi tanıyıb. Yeni gələn çalışdırıcıya futbolçularla tanış olmaq, onlarla dil tapmaq, nəhayət, komanda qurmaq üçün vaxt lazım olacaq. Əlbəttə, De Byazi işlədiyi müddətdə səhvlər buraxıb. Ancaq kim zəmanət verə bilər ki, yeni gələn əcnəbi analoji səhvlərə yol verməyəcək? İtaliyalı isə ən azı ikinci dəfə “eyni palçığa batmayacaq”. Qısası, seçim əcnəbi üzərində dayanacaqsa, elə Canni yaxşıdı. Ancaq mən seçimi yerlinin xeyrinə edərdim”.
Səyyad Aran (Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini):
“Geridə qalan illər sübut edib ki, əcnəbi məşqçilərin millini çalışdırmaq təcrübəsi fiaskoya uğrayıb. Bugünlərdə mətbuatda oxudum ki, Canni de Byazi daha bir seçmə mərhələdə yığmanı çalışdırmaq istəyir. Bu nə həyasız adamdı? Milli onun rəhbərliyi altında cəmi 1 xal toplayıb ki, bu da Avropada ən pis göstəricilərdən biridi. Ölkənin əsas komandasında yerli futbolçuları yaxından tanıyan, onların potensialına bələd olan yerli məşqçi işləməlidi. Bunu hamı başa düşür, hamı görür, ancaq AFFA tənqidlərdən nəticə çıxarmır. Bu gün balaca uşaq da bilir ki, italyan və onun kimi vaxtilə burda işləmiş əcnəbi mütəxəssislər Azərbaycana ancaq cibini doldurmaq üçün gəlir. Ola bilsin, De Byazinin futbol fəlsəfəsi İtaliya klubları üçün keçərlidi, onun futbola baxışı ölkəsində işə yarayır. Bizdə isə bu alınmadı. Alınmadısa, onu yenidən postunda saxlamağın nə mənası var? Yəqin İcraiyyə Komitəsində sağlam düşüncəli, futbolumuzun gələcəyini düşünən şəxslər var. Və ona da inanıram ki, sabah (bu gün) keçiriləcək iclasda düzgün qərar qəbul olunacaq, yerli məşqçilərdən biri ölkənin əsas komandasının çalışdırıcısı təyin olunacaq. Kor bir dəfə yıxıldığı yerdə ikinci dəfə də yıxılır. İtalyana növbəti dəfə etimad göstərilsə, yığma daha pis günə düşəcək”.
Səbuhi Səfiyarlı (agent):
“Canni de Byazi geridə qalan müddətdə olduğu kimi çalışacaqsa, getməsi məsləhətdi. Əslində yığmaya bir tsikllik çalışdırıdıcı dəvət etmək düzgün deyil. Fərqi yoxdu, o yerli olacaq, yoxsa əcnəbi. Bizə ambisiyası olan, uzunmüddətli inkişaf planı hazırlayan, yığmanı yeni pilləyə daşıyacaq mütəxəssis lazımdı. Ona bu işdə AFFA da kömək etməlidi. Bu nüansları nəzərə aldıqda, məncə, yerli mütəxəssisə üstünlük verilməlidi. Çünki əcnəbi sabah hardansa sərfəli təklif alacağı təqdirdə işi yarımçıq qoyub gedə bilər. Özümüzkünə yatırım edirsənsə, biləcəksən ki, onun xidmətindən uzun müddət yararlanmaq mümkün olacaq. Bu üzdən, fikrimcə, milliyə azərbaycanlı məşqçi rəhbərlik etməlidi”.