Məlum olduğu kimi əla mövsüm keçirərək bir çox rekordları alt-üst edən ''Trabzonspor'' məğlubiyyətsiz irəliləməkdə davam edir.
Cəmi 14 tur arxada qalmasına baxmayaraq ən yaxın rəqibini 10 xal qabaqlayaraq bu göstəricidə də rekordu yeniləyən qaradənizliləri artıq indidən çempionluq münasibəti ilə təbrik edənlər də var. Komandanın Abdulla Avcının təyinatından bu yana yüksəlişi və xüsusilə də səfərdə heç kimə uduzmaması diqqət çəkir. ''Trabzonspor'' Türkiyə çempionatında rəqib meydanlarında keçirdiyi son 25 matçın heç birində məğlub olmayıb (15 qələbə, 10 heç-heçə). ''Bordo-mavililər'' bu göstəricidə hazırda Avropanın aparıcı çempionatlarında da liderdi! Məsələn, reytinqdəki ən güclü 10 çempionata nəzər salsaq, görərik ki, ''Trabzonspor''un seriyasına yaxın dura bilən seriya yoxdu. Bu baxımdan trabzonluların ən yaxın izləyicisi Portuqaliya nəhəngləridi.
''Portu'' daxili çempionatda səfərdə son 20, ''Benfika'' isə son 16 oyunda uduzmayıb. Digər pillələrdə hərəyə 13 səfər matçında uduzmayan ''Atalanta'' ilə ''Şaxtyor'' qərarlaşıb. Maraq üçün vurğulayaq ki, ''Trabzonspor'' superliqada son səfər məğlubiyyətini 401 gün öncə - keçən ilin oktyabrın 25-də ''Fənərbaxça''ya qarşı oyunda (1:3) yaşayıb. Həmin vaxt baş məşqçi Eddi Nyuton idi.