Region Liqasında mübarizə aparan komandaların hər biri AFFA-ya mövsümün sonuna qədər turnirdə iştirak edəcəyi ilə bağlı zəmanət məktubu təqdim etsə də, turdan-tura maliyyə planında çətinliklə üzləşdiklərini, ağır vəziyyətdə olduqlarını, heç bir qurumdan onlara yardım olunmadıqlarını bildirirlər.
Bir müddət əvvəl “Karvan”ın baş məşqçisi Kənan Kərimov, ardınca “Ağsu Siti”nin prezidenti Rəmzi Eminli sosial şəbəkələrdə pulsuzluqdan və diqqətsizlikdən şikayətlənmişdisə, bu dəfə Paytaxt və Şimal regionunda çıxış edən Quba “Şahdağ”ının prezidenti Xanbaba Daşdı komandanın “feysbuk” hesabında, demək olar, oxşar fikirlər səsləndirib:
"Təəssüf hissi ilə bildirirəm ki, geridə qalan müddətdə, keçirdiyimiz rəsmi və qeyri-rəsmi oyunlardan sonra Qubadan təkcə azarkeşlərimizin təbrikini alırıq. Bütün qurumlara və rayon rəhbərliyinə hörmətimiz və sayğımız sonsuzdu. Kimsədən bir qəpik maddi dəstək almadan bu yoldayam iki ildi. Maddi və mənəvi dəstək olmadan hər şeyin ən yaxşısını etməyə çalışırıq. Qubamızın adını təmsil ediriksə, başqa sözə ehtiyac yoxdu, etmək borcumdu. Ancaq nə üçün diqqətsizliklə qarşılaşırıq? Öz-özümə bu suala cavab tapmıram, inşallah ki, tapılar. Dəstək olan hər kəsə təşəkkür edirik. İnanırıq ki, birlikdə bacaracağıq, Qubamız üçün birləşəcəyik. Adama təsir edən başqa məqam var, çempionluğa ən real namizədik, yenə də diqqət yoxdu. Son qəpiyimə kimi edəcəm hər şeyi, nəyin bahasına olur-olsun, davam edəcəyik, ancaq belə davam etməkdənsə, birlikdə davam etmək daha da ruhlandırardı məni".
Başverənlərə aydınlıq gətirmək üçün Xanbaba bəylə danışmaq istəsək də, zənglərimiz cavabsız qaldı. Əldə etdiyimiz bilgiyə görə, bir müddət əvvəl Rusiyaya səfər edən klub prezidenti hazırda Türkiyədədi, komandanın yaşaması üçün sponsorlar axtarır.