Azərbaycan milli komandasında Canni de Byazi dönəmi davam edəcək.
“Football-plus.az” saytının əldə etdiyi özəl məlumata görə, AFFA italiyalı mütəxəssisə daha bir seçmə mərhələdə şans verəcək. Lakin 65 yaşlı çalışdırıcının qarşısına bir neçə şərt qoyulub. Bunlardan ən əsası Millətlər Liqasında uğur əldə etməkdi. İtaliyalı bu turnirin pley-off mərhələsinə vəsiqə qazanmalıdı.
De Byazinin maaşı da azaldılacaq. AFFA ona 2 il ərzində ümumilikdə yarım milyon manat, yəni 250 min avroya yaxın maaş verməyi planlaşdırır.
Bu qərar dekabrın 2-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında rəsmən açıqlanacaq.
Qeyd edək ki, De Byazinin AFFA ilə müqaviləsinin müddəti bu gün bitir.
İLKİN SULTANLI