Ötən həftə ölkə futbolunda gündəm mövzusu Şahruddin Məhəmmədəliyevin Konfrans Liqasının H qrupunun 5-ci turunun “Qarabağ” - “Omoniya” matçında buraxdığı səhv oldu.
Hamı Kipr yunanları ilə görüşdə itirilən 2 xala görə millimizin qolkiperini günahkar saydı. Düzdü, oyundan sonra ağdamlıların baş məşqçisi Qurban Qurbanov futbolçusunu müdafiə etdi. Onun səhvi üzündən yox, rəqib oyunçu yaxşı zərbə endirdiyi üçün qolun vurulduğunu dilə gətirdi. Hətta dünən premyer-liqanın 12-ci turunda, “Qəbələ” ilə səfər görüşündə qolkiperin əsas heyətdə yer alması təcrübəli mütəxəssisin “Şah”ın yanında olduğunun göstəricisi idi. İnsafən, “Omoniya”nın futbolçusu Jordi Qomes də zərbəni əla yerinə yetirmişdi.
Millinin qolkiperinin həmin epizodda günahı var idi? Mütəxəssislər bu haqda nə düşünür? Suallarımıza cavab tapmaq üçün əsas yığmanın qapıçılar üzrə məşqçisi Rauf Mehdiyevlə 17 yaşadək futbolçulardan ibarət millinin çalışdırıcısı Hüseyn Məhəmmədovla əlaqə saxladıq.
Rauf Mehdiyev:
“Fikrimcə, belə səhvə görə Şahruddini qınamaq olmaz. Həqiqətən də zərbə çox ustalıqla vurulmuşdu. Şahruddin həmin an sürüşməsəydi, hər şey fərqli olardı. Amma futbolçunun ustalığına alqış düşür. Həmin anda qapını görmək, dəqiq zərbə vurmaq böyük işdi. Bir daha deyirəm ki, Şahruddin sürüşməsəydi, fərqli nəticə yaşanardı. “Qarabağ”ın qolkiperi ilə milli komandada bir yerdə işləyirəm. Şahruddinin çox yaxşı sürəti var. Fikrimcə, topa çata bilərdi. Amma buna görə onu qınamaq düzgün deyil. Çünki “Qarabağ”ın bu yerlərə gəlməsində onun payı çoxdu. “Kayrat”la oyunlarda, “Omoniya” ilə səfər matçında bir çox qurtarış edib. Bu futboldu, belə şeylər olur. Heç bir məşqçi deyə bilməz ki, mənim qolkiperim heç vaxt səhv etməyib. Dünyada hər şeyi düz edən qapıçı yoxdu. İndi bir yanlışlıq olub deyə Şahruddini tənqid atəşinə tutmaq, qınamaq olmaz. Qurban Qurbanova da alqış düşür. Futbolçusunun arxasında durdu. Şahruddinə belə məqamda istirahət vermək olmaz. Çünki hazırda yaxşı formadadı və və komandaya çox fayda verir”.
Hüseyn Məhəmmədov:
“Bu sual elədi ki, gərək obyektiv olaq. Çünki müzakirə olunan şəxs həmkarımızdı. Mənim onun hərəkətini təhlil etməyim asandı. Hər kəsə bəllidi ki, meydanda oynayan futbolçu ilə qapıçının fərqi çox böyükdü. Bura hərəkət etmək, özünü aparmaq və davranış daxildi. Buna görə də bu sualı başdansovdu cavablamaq düzgün deyil. Əslində Şahruddin bütün oyunlarda çox yaxşı təsir bağışlayıb. Həm millinin, həm də “Qarabağ”ın heyətində özünü göstərib. Bu futboldu, hər qapıçı səhv edir. Dünyanın ən güclüləri də, adi qolkiperlər də belə vəziyyətə düşə bilər. Futbol elə bir oyundu ki, burda oyunçu da, qapıçı da səhv edə bilər. Ola bilər ki, qarşılaşmanın həyəcanı, qolun sevinci kiməsə təsir edib. İnsanıq da. Belə şeylər olur. Buna səhv demək... Düzdü, hamı bunu səhv kimi qəbul edib. Çünki top qapıçının başının üstündən atılıb. Bəzi mikrosəhvlər oyun ərzində kobud səhvə çevrilir. Bunun nəticəsində belə hadisələr yaşanır. Görüş ərzində qapıçının yerində durmaq və arxaya qayıtmaq məqamları var. Bunlar düzgün olsaydı, bəlkə də Şahruddin o topu çıxarardı. Müasir futbolda qapıçılar müdafiəçi kimi davrandığına görə önə çıxır. Top mərkəzdə olanda Şahruddin penalti nöqtəsinin üstündə dayansaydı, qol olmazdı. Düzdü, bunlara oyun ərzində tam köklənmək də olmur. Belə incəliklərə fikir verməyə oyunun təzyiqi, həyəcanı çox təsir edir. Amma bu o demək deyil ki, Şahruddin elə şeylərə fikir vermir. Sadəcə, rəqib futbolçunun ustalığı da sözünü dedi. Həmin epizodda Şahruddini görməsi, dəqiq zərbə vurması “Qarabağ”ın işini çətinə saldı. Amma fikrimcə, Şahruddin 11 metrlik cərimə zərbəsi vurulan nöqtənin üstündə qalsaydı, daha yaxşı olardı. Top mərkəzdə olanda qolkiper bura yönəlməlidi. Yox, top rəqibin cərimə meydanındadısa, qapıçı yarımqövsün üzərində dayana bilər. Bir də arxaya qayıtmaqda yanlışlıq oldu. Şahruddin orda çiyninin üzərində qayıtsaydı, topa çatardı. Amma zərbə çox dəqiq olduğuna görə qapıçı arxaya dönüb, qaçdı. Bu an ayağının büdrəməsi də işləri korladı. Bu, hamı üçün səhv kimi dəyərləndirilir. Qapıda mən dayansaydım da, belə olacaqdı. Amma buna görə futbolçunu qınamaq olmaz. Şahruddin istəməzdi ki, belə şey yaşansın”.
İLKİN SULTANLI