Dünən keçirilən “Qəbələ” – “Qarabağ” oyunu ilə premyer-liqada 12-ci tura yekun vuruldu.
Turun ilk qarşılaşmasında “Sabah” “Keşlə”ni qonaq edirdi. Matçdan öncə çoxları üçün maraqlı idi ki, son 4 görüşdə uduzmayan “tələbələr” uğurlu seriyanı davam etdirə biləcəkmi? İlk 12 dəqiqə göstərdi ki, baş məşqçi dəyişikliyi meydan sahiblərinin işinə yarayıb. Murad Musayev heyətlə bağlı ciddi dəyişiklik etməsə də, kollektivdə qalib ruhu formalaşdıra bilib. “Tələbələr” ilk dövrədə rəqiblərdən üstün oyun sərgilədikləri halda belə qələbə qazana bilmirdilərsə, son 5 görüşdə sanki “rəqib bacardığı, biz isə istədiymiz qədə qol vuracağıq” düşüncəsi ilə meydana çıxırlar. “Keşlə” ilə qarşılaşmada da çox rahat oynayan Masazır təmsilçisi 90 dəqiqənin tamamında növbəti 3 xalı hesabına yazmaqla xal ehtiyatını bir qədər artırdı.
Son 3 turda qələbəyə həsrət qalan, bu üzdən mətbuatda ciddi tənqid olunan “Neftçi” “Səbail”lə görüşdə, nəhayət, azarkeşlərini sevindirdi. Həftəiçi istefası gündəmə gələn Samir Abasovun yetirmələri bəlkə də “dənizçilər”ə qarşı baxımlı oyun sərgiləmədi. Ancaq indiki halda baxımlı oyundan çox “ağ-qaralar”a 3 xal vacibdi ki, meydan sahibləri minimal qələbə sayəsində bunu qazandı. Qələbə turnir cədvəli baxımından “Neftçi”ni üst pilləyə çıxarmasa da, komanda ən azı liderlər qrupundan aralı düşmədi. “Səbail” isə 12-ci turda 9-cu məğlubiyyətə üzülərək, son pillədə qaldı.
Bazar günü keçirilən yeganə görüşdə “Sumqayıt” “Zirə”ni qəbul edirdi. Sonuncu dəfə 9-cu turda qələbə sevinci yaşayan sumqayıtlıların ciddi itkilər fonunda son qarşılaşmalarda yüksələn qrafik cızan Rəşad Sadıqovun komandasına ciddi müqavimət göstərəcəyi inandırıcı görünmürdü ki, sonda ehtimallar özünü doğrultdu. İlk dəqiqələrdən üstünlüyə yiyələnən qonaqlar birinci yarıda iki qol vurmaqla, demək olar, ikinci hissəni formallığa çevirdi. Baxmayaraq ki, meydan sahibləri fasilədən sonra fərqlənmək üçün bir neçə imkan qazandı. “Qartallar” sona qədər qapılarını toxunulmaz saxladı. Bu matç bir daha göstərdi ki, “kimyaçılar”ın ən böyük problemlərindən biri də qol vəziyyətlərini dəyərləndirə bilməməkdi. Təsadüfi deyil ki, premyer-liqada rəqib torunu ən az silkələyən məhz “Sumqayıt”dı. Komanda 12 oyunda cəmi 8 dəfə fərqlənib ki, hətta son pillədə qərarlaşan “Səbail” belə bu göstəricidə öndədi.
Hesabat turunun son görüşü Qəbələdə keçirildi. Bölgənin eyniadlı komandası çempionatın lideri “Qarabağ”la üz-üzə gəldi. Azarkeşlər maraqlı qarşıdurmaya şahidlik etsələr də, qol vurulmadı. Halbuki hər iki tərəf fərqlənmək üçün yetərincə imkan əldə etdi. Qolsuz bitən görüşdən sonra Qurban Qurbanovun komandası turnir cədvəlindəki mövqeyini qorusa da, xal itkisi Elmar Baxşıyevin yetirmələrini bir pillə geri saldı. “Zirə” ilə eyni xala malik “qırmızı-qaralar” əlavə göstəricilərə görə 3-cü yerə düşdü.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 12-ci tur
27 noyabr
Sabah – Keşlə 2:1
Neftçi – Səbail 1:0
28 noyabr
Sumqayıt – Zirə 0:3
29 noyabr
Qəbələ - Qarabağ 0:0
1. Qarabağ 12 8 3 1 23-7 27
2. Zirə 12 6 4 2 21-12 22
3. Qəbələ 12 6 4 2 20-12 22
4. Neftçi 12 6 2 4 20-18 20
5. Sabah 12 4 2 6 16-18 14
6. Sumqayıt 12 3 2 7 8-17 11
7. Keşlə 12 3 1 8 12-21 10
8. Səbail 12 3 0 9 9-24 9
Bombardirlər: Davit Volkov (Zirə) – 9, Filip Ozobiç (Qarabağ) – 6, Coy-Lens Mikels (Sabah), Ülvi İsgəndərov (Qəbələ) – 5.
Növbəti turun oyunları: 4 dekabr – Qarabağ – Sabah, Keşlə - Səbail; 5 dekabr - Neftçi – Sumqayıt, Zirə - Qəbələ.