Azərbaycanda uşaq futbolunun problemləri: Sağlam təməllər üzərində sağlam bina... Olacaqmı?
Azərbaycanda uşaq futbolunun problemlərinə həsr olunmuş layihə çərçivəsində yazıları davam etdiririk. Budəfəki müsahibimiz Vaqif Cavadovdu. Birvaxtlar səsi Rusiya, Hollandiya çempionatlarından gələn istedadlı futbolçu xeyli vaxtdı yaşıl meydanlarda top qovmur. Amma bu sahədən uzaq da düşməyib. Məşqçilik fəaliyyətinə başlayan Cavadov uşaq futbol akademiyası da yaradıb. Elə onunla söhbətə bu mövzudan danışmaqla körpü saldıq.
- Vaqif bəy, bir müddətdi uşaq akademiyası açdığınızı elan etmisiz. Hazırda bu akademiyada işlər necə gedir?
- Bəli, akademiyamız fəaliyyət göstərir. Amma koronavirus pandemiyası bütün sahələrə olduğu kimi, bizim işimizə də mənfi təsirini göstərdi. Bəzi nüanslar işimizi ləngitdi. Siz də bilirsiz ki, müəyyən bir müddət nəinki futbolla məşğul olmaq, evdən icazəsiz çıxmaq da qadağan idi. Biz də bu səbəbdən bütün planlarımızı vaxtında həyata keçirə bilmədik. Məcbur idik ki, qaydalara riayət edək. Həm də uşaqların sağlamlığını düşünək. Artıq normal həyata dönmüşük, yavaş-yavaş həyat öz axarına düşür. Bizim akademiyamızda da işlər sürət götürməkdədi. Məşqlərimiz davam edir. Az qala hər gün yeni uşaqlar akademiyamıza gəlirlər, futbolun sirlərini bizimlə birlikdə öyrənmək istəyirlər. Biz də çalışırıq ki, bu işdə onlara kömək göstərək. İşimizin də əsas qayəsi elə budu.
- Maraqlıdı ki, akademiyaya qəbulun 4 yaşında olacağını bildirmişdiz. Bunun səbəbi nədi? 4 yaşında uşağa futbolu öyrətmək çətin deyil?
- Futbolu öyrənmək üçün 15-16 yaş gecdi. Bu yaşda artıq orqanizm də formalaşır, uşaqda müəyyən vərdişlər olur. Adətən, 7-8 yaş futbolla məşğul olmaq üçün ilkin yaş hesab edilir. Amma bunu 4 yaşından da etmək mümkündü. Dünya təcrübəsində də bu var. Söhbət ondan getmir ki, 4 yaşlı uşaq dərhal dönüb futbolçu olacaq, taktiki və texniki göstərişləri mənimsəyəcək. Bu yaş üçün göstərişlər də yaş dövrünə uyğun olur. Biz uşağa topu necə saxlamağı, onu necə vurmaq lazım olduğunu öyrədirik. Hamımız görmüşük ki, Azərbaycanda texnikalı futbolçular çox olub. Bu da ümumilikdə bütün Qafqaz futboluna xas olan xüsusiyyətdi. Müəllimlər də ilk gündən uşaqları belə öyrədib. 4 yaşında biz uşağa texnikalı futbolu öyrədə bilirik. Bizim akademiyamızda bu cür yanaşma var. Mən Moskvaya köçəndə 10 yaşım var idi. Özüm 4 yaşımdan futbolla məşğul olmağa başlamışam. Ona görə də istədim ki, bizim indiki uşaqlar da bu yaşdan futbolla məşğul olmağa başlasınlar. Bəzi nöqsanlar olmamış deyil. Valideynlər hətta hava şəraitinə baxır və çəkinirlər. Pullu bölmələr də bəzi valideynlərin önünü kəsir. Uşaq akademiyaları inkişaf etsələr, özlərinin bəlli büdcəsi olar, infrastrukturu genişlənər. Belədə maddiyyat, ödənişlər ikinci plana keçər. Bizim də maddiyyatla bağlı problemlərimiz var. İnanıram ki, yaxın gələcəkdə bunu aradan qaldıra biləcəyik. Belədə ideyalarımızı daha rahat həyata keçirəcəyik.