Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində şahmat üzrə dünya çempionluğu uğrunda görüş start götürüb.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşma norveçli hazırkı dünya çempionu Maqnus Karlsen və İddiaçılar turnirinin rusiyalı qalibi Yan Nepomnyaşi arasında keçirilir. Nepomnyaşinin ağ fiqurlarla oynadığı ilk partiya 45-ci gedişdə heç-heçə ilə yekunlaşıb.
Tərəflər dekabrın 14-dək ümumilikdə 14 dəfə görüşəcək. Yekunda heç-heçə qeydə alınacağı təqdirdə, sürətli şahmat üzrə 4 partiya keçiriləcək. Bu dəfə də qalib müəyyənləşməsə, əvvəlcə 2, ehtiyac yaranarsa, daha 5 blits partiya olacaq. Heç-heçələr davam etsə, "Armageddon"a müraciət olunacaq. Qalib 1,2 milyon avro, məğlub tərəf 800 min avro qazanacaq.