Premyer-liqanın 11-ci turu hakimlik baxımından o qədər də problemli keçmədi.
Düzdü, bir görüşdə mübahisəli məqam oldu. Amma 4 oyuna görə hakimlərin işini yüksək dəyərləndirmək olar. Bu qarşılaşmalarda referilər futbolçulara 13 vərəqə göstərdilər. Bunlardan 12-nin rəngi sarı, 1-nin rəngi qırmızı oldu. Turun centlmen komandaları “Zirə” və “Keşlə”di. Hakimlər qəsəbə təmsilçilərinin futbolçularına, ümumiyyətlə, vərəqə göstərmədilər. Həftənin ən kobud komandası isə “Sumqayıt” oldu. “Kimyaçılar”ın 3 futbolçusu sarı, 1-i qırmızı vərəqə aldı. Reportyorlarımızın qeydlərinə keçid alaq.
Qarabağ - Keşlə, KAMAL UMUDLU
Qarşılaşma sürətli keçsə də, hakimlər briqadasının işi asan oldu. Bəlkə də Kamal Umudlu karyerasının ən rahat oyununu idarə etdi. Təsadüfi deyil ki, referi görüş ərzində cəmi bir dəfə əlini cibinə atdı. Onun 42-ci dəqiqədə Patrik Andradeyə sarı vərəqə göstərməsi düzgün qərar idi. Bir sözlə, Umudlu və briqadası qarşılaşmanın öhdəsindən gəlməyi bacardı.
Zirə - Səbail, ƏLİYAR AĞAYEV
İlk hissədə diqqətçəkən məqam yaşanmasa da, hakimliklə bağlı əsas hadisələr fasilədən sonraya təsadüf etdi. Belə ki, 64-cü dəqiqədə Məhəmməd Mirzəbəyovun qapıya paralel ötürməsindən sonra “dənizçilər” topun “qartallar”ın müdafiəçisinin əlinə dəydiyinə işarə edib penalti tələb etsələr də, Ağayev davam işarəsi verdi. Epizodun təkrarına baxanda da penaltidən əsər-əlamət olmadığını əminliklə söyləmək mümkündü. Ancaq 87-ci dəqiqədə baş hakim, demək olar, oxşar vəziyyətdə qəsəbə təmsilçisinin qapısına penalti təyin etdi. Əliyar bəyin fikirincə, Cabir Əmirlinin ötürməsindən sonra top Qismət Alıyevin əlinə dəydiyindən istiqaməti dəyişmişdi. Halbuki FİFA referisi bu məqamda səhvə yol verdi. Ötürmə anında Qismətin əli açıq olsa da, top onun kürəyinə tuş gələrək istiqamətini dəyişdi. Bu məqamı nəzərə almasaq, ölkənin bir nömrəli referisi nəticəyə təsir edən səhvə yol vermədi.
Neftçi – Sabah, RƏVAN HƏMZƏZADƏ
Fitini tez-tez səsləndirməməklə 90 dəqiqə ərzində sərt mübarizəyə imkan yaratdı. Kobudluqla müşayiət olunan epizodlara yaxın olduğundan göstərdiyi vərəqələr də yerində və haqlı idi. Komandaların penalti tələb etdiyi iki məqam da oldu ki, “nöqtə”ni göstərməməklə düzgün davrandı. Çünki istər Voislav Stankoviçin zərbəsindən, istərsə də Slavik Alxasovun başla ötürməsindən sonra top müdafiəçilərin bədənə bitişik əlini “tapmışdı”. Mamadu Mbocun 86-cı dəqiqədə fərqləndiyi epizod zamanı da oyundankənar vəziyyət var idi. Bir sözlə, Həmzəzadə və köməkçiləri çətin sınaqdan ciddi səhvə yol vermədən çıxdı.
Qəbələ - Sumqayıt, RƏŞAD ƏHMƏDOV
Rəşad Əhmədov gənc hakimlərdən sayılsa da, artıq yetərincə təcrübə qazanıb. Atasından estafeti təhvil alan mingəçevirli referi Qəbələdə inamlı görünür, epizodlardan uzaq qalmamağa çalışırdı. Köməkçiləri də baş hakimlə yaxşı anlaşırdılar. İlk hissədə meydanda gərginliyin müşahidə olunmaması hakimlərin işini asanlaşdırmışdı. Fasilədən sonra oyunun sürəti artsa da, hakimlər briqadası işinin öhdəsindən layiqincə gəldi. Əhmədov Vurğun Hüseynovu meydandan qovarkən də qətiyyətli davrandı və doğru qərar qəbul etdi.