Ötən sayımızı oxuyanlar “Mançester Yunayted”dəki növbəti baş məşqçi istefasından xəbərdardı.
Bəli, ser Aleks Ferqyusonun daha bir varisi klubu tərk edir: şan-şöhrətsiz, ancaq milyonlarla kompensasiya ilə. Ole-Qunnar Sulşerin klubda çalışdığı dönəm unikal və qeyri-adi dərəcədə təzadlıdı. Eyni zamanda norveçlinin postunda belə uzun müddət davam gətirməsi, ümumiyyətlə, onun təyinatı da müəmmalıdı. Ancaq bu suallar ilk növbədə Mançesterdəki utanca və nifrətə görə məsuliyyət daşıyanlara – Qleyzer ailəsinə və Ed Vudvorda ünvanlanmalıdı.
Qleyzerlər erasının fəsadları
MY-də Qleyzerlər erası mühasibat hesabatları ilə birbaşa bağlıdı. 2009-19-cu illər aralığında klubun gəlirlərini 350 milyon avro artıran biznesmenlər ailəsi idman brendini qlobal layihəyə çevirdi. Ancaq Qleyzerlərin uğurları daim fanatların böyük nifrəti ilə müşayiəət olundu. Və sahiblər bu vəziyyəti düzəltmək əvəzini öz xəttini yeritməyi üstün tutdular. Amerikalıların klubda hakimiyyəti ələ keçirməsinə baxaq. Qleyzerlərin “Yunayted”i borcla yüklədiyi, tranferslərə pul yatırmadığı alış sistemi fanatları özündən çıxarmaqla yanaşı, premyer-liqada çempionluq həsrətini də artıq 8 ilə çatdırıb. “Yunayted”i sev – Qleyzerlərə nifrət et” banneri amerikalıların 16 illik idarəçiliyi dövründə fanatların qəlbindəki dərin dəyərlər təzadını ən parlaq şəkildə göstərən sübutdu. Mayda – “Liverpul”la oyun ərəfəsində “Old Trafford”un meydanına axışan azarkeşlər yenidən amerikalı sahiblərin getməsini tələb etdilər.
Qleyzerlərin klub fanatları ilə birbaşa əlaqəsinin yoxluğu dəyişməz siyasət kimi qalır. Ata Malkolm və oğul Avraam sanki qəsdən məsafə saxlayırlar və pul qazanmaqdan söhbət getmədiyi məqamlarda kluba bağlı olmaq istəmirlər.
İdman direktoru postuna ehtiyac duymurdular
“Yunayted”də idman direktoru postuna martda ehtiyac duyulub. Böyük diqqət mərkəzində olan bu vəzifə indiyə qədər icraçı direktor Vudvordun boyuna əlavə yük kimi qoyulmuşdu. Bəli, Ferqyuson dönəmində idman direktoru lazım deyildi – bu vəzifəni ser Aleks özü yerinə yetirirdi. Ancaq şotlandiyalı klubdaxili işlərə müəyyən təsirini saxlasa da, artıq 8 ildi təqaüdə çıxıb. Məhz Vudvord Devid Moyesi, Lui van Qalı, Joze Mourinyonu və Sulşeri “sükan arxasına” gətirib. İndi isə “The Athletic”in sorğusuna qatılan MY fanatlarının 94 faizi əmindi ki, klub növbəti təyinatda da yanılacaq. Adicə soyadların sadalanması belə göstərir ki, bütün bu qərarlarda məntiq və ardıcıllıq gözlənilməyib. Məsələn, Van Qalı Mourinyo əvəz edib ki, bu iki məşqçinin üslubu bir-birindən yerdən göyə qədər fərqlidi. Məhz Vudvord Sulşer dönəmində transferlərə 450 milyon avrodan çox xərcləyib. Nəticədə son üç mövsümdə heyətdə ən böyük disbalans yaranıb. Bütün bunların zirvəsi Kriştiano Ronaldonun dönüşü oldu. Portuqaliyalının komandanın oyununa necə təsir göstərməsi, bu təsirin heç də birmənalı olmaması haqda çox deyilib və yazılıb. İngiltərənin ən nüfuzlu jurnalistlərindən biri Conatan Uilson “The Guardian”da yazır ki, məhz Ronaldo MY-nin yeni çalışdırıcısının əsas problemi olacaq. Superliqa ideyasının fəal tərəfdarlarından olan Vudvord Aleksander Çeferini necə qəzəbləndirdisə, UEFA prezidenti fanatların növbəti qiyamı üçün stimul rolunu oynadı. Yeri gəlmişkən, qiyam haqda. 2020-nin yanvarında Vudvordun evinə hücum çəkən azarkeşlər əraziyə məşəllər tulladı və bir daha idarədiciləri istefaya çağırdı. Məhz Vudvord 2018-də klubun sahibləri ilə keçirilən kvartallıq konfransda demişdi ki, komandanın meydandakı nəticələri “Yunayted”in kommersiya uğuruna ciddi təsir göstərmir. Bu ifadə MY-nin Ferqyusonun gedişindən sonrakı zəif çıxışına haqq qazandırır. Ancaq rəhbərlik üçün, fanatlar üçün yox. Vudvordun icraçı direktor postuna yüksəldiyi 2013-dən bəri klub 4 dəfə ÇL-dən yan keçib, qitənin əsas kubokunda bir dəfə də 1/4 finaldan uzaq gedə bilməyib və artıq 4 ildi heç bir titul qazanmır. Sonuncu titul 2017-də - Mourinyonun dönəmində (Avropa Liqası) qazanılıb. 5 gün əvvəl – klubun maliyyə hesabatı açıqlanandan sonra Vudvord dedi ki, MY-nin əsas prioriteti meydandakı nəticələrdi. Təzadı görürsüzmü?
MY artıq gəlir baxımından lider deyil
Vudvordun mövsümün sonunda icraçı direktor postundan gedəcəyi ilə bağlı apreldə verdiyi vəd, şübhəsiz, fanatları sevindirdi. Ancaq onun əsas dəlili – maliyyə liderliyi – tezliklə buxarlanacaq. “Deloitte” şirkətinin hesablamasına inansaq, 2019/20 mövsümündə “Yunayted”in gəlirlər baxımından premyer-liqadakı əsas izləyiciləri – MS və “Liverpul” üzərindəki üstünlüyü 100 milyon avrodan artıq olub. İndi isə vəziyyət dəyişib. 2020/21 mövsümünün sonundakı statistikaya görə MY əsas rəqiblərini uyğun olaraq, 31 və 12 milyon qabaqlayır. Bu faktın arxasına “Siti” və “Liverpul”la oyunlarda yaxınlarda qeydə alınan məğlubiyyətləri də əlavə edəndə yetərincə kədərli mənzərə yaranır – Vudvordun iddiasının əksinə “Yunayted” doğru yolda deyil, get-gedə tənəzzül etməkdədi. Həm maliyyə, həm də idman planında.
Reaksiyalar
Harri Maquayr, MY-nin müdafiəçisi:
Pol Skoulz, MY-nin sabiq yarımmüdafiəçisi:
Zlatan İbrahimoviç, MY-nin sabiq hücumusu:
“Mançester Yunayted”də keçmiş haqda hədsiz çox danışırlar. Mən kluba gələndə ətrafdakılara dedim: “Ona görə burdayam ki, indiyə köklənim və öz tariximi yazım. Ancaq keçmiş haqda çox danışmaq eyni dövrələri təkrarlamaqdı. İndi haqda düşünmək və ya beyni təmizləmək üçün xəstəxanaya getmək lazımdı”.
Maraqlıdı...
MY-nin sabiq və əfsanəvi baş məşqçisi Aleks Ferqyuson Sulşerin istefasından sonra yeni çalışdırıcı axtarışında iştirak etmir. ESPN-in yaydığı xəbərə görə, 79 yaşlı şotlandiyalı namizədlərin müzakirəsinə qatılmayıb və klubun yekun qərarına təsir göstərməyəcək. Baş məşqçi postuna namizəd axtarışına görə məsuliyyət idman direktoru Con Merto və texniki direktor Darren Fletçerin üzərindədi. Onlar namizədlərin siyahısını icraçı direktor Ed Vudvordla idarəedici direktor Riçard Arnolda təqdim edəcək. Yekun qərarı Coel Qleyzer verməlidi.
Ən çox qazananların “10-luğ”u
Bütün uğursuzluq hallarında olduğu kimi, bu dəfə MY futbolçularının qazancı tabloidlərin müzakirə obyektinə çevrilib. Bəs bu baxımdan vəziyyət necədi? Aşağıda MY-nin 2021-də ən çox pul qazanan futbolçularının ilk “10-luğ”unu təqdim edirik. Futbolçuların illik maaşı avro ilə göstərilib.
1. Kriştiano Ronaldo - 30 mln.
2. David De Xea - 21,8 mln.
3. Pol Poqba - 18,1 mln.
4. Rafael Varan - 17,2 mln.
5. Ceydon Sanço - 17,2 mln.
6. Harri Maquayr - 11,8 mln.
7. Markus Reşford - 11,2 mln.
8. Antoni Marsyal - 11,2 mln.
9. Edinson Kavani - 10 mln.
10. Lük Şou - 9,4 mln