Bu gün Azərbaycan Şahmat Federasiyasının (AŞF) Hesabat-seçki Konfransı keçirilib.
“Football-plus.az” saytının məlumatına görə, Gənclər və İdman Nazirliyində təşkil olunan tədbirə nazir Fərid Qayıbov da qatılıb.
AŞF-nin fəaliyyəti haqda hesabat dinləniləndən sonra seçki baş tutub. Qurumun və FİDE-nin vitse-prezident Mahir Məmmədov 4 il müddətinə yeni prezident seçilib. Faiq Həsənov 1-ci vitse-prezident, Seymur Talıbov vitse-prezident kimi işini davam etdirəcək. Adı çəkilən şəxslər, həmçinin mərhum Vüqar Həşimovun qardaşı Sərxan Həşimov və beynəlxalq qrossmeyster Cahangir Ağarəhimov İcraiyyə Komitəsinə üzv seçilib.
Mahir Məmmədov çıxış edərək şahmatda daha böyük uğurların qazanılması üçün lazımi işlərin görüləcəyini, iclasda qaldırılan məsələlərin həlli yolunda çalışacaqlarını söyləyib. Sonra Sloveniyada keçirilən Avropa çempionatında bürünc medal qazanan qadın yığmamızın üzvlərinə, həmçinin kişilərdən ibarət millinin heyətində 5-ci lövhədə yaxşı performans sərgiləyən Nicat Abasova pul mükafatları təqdim olunub.
Qeyd edək ki, AŞF-yə 2007-ci ildən Mərkəzi Bankın sədri Elman Rüstəmov rəhbərlik edirdi.