Həftəsonu prinsipial derbidə öz meydanında əzəli rəqib ''Fənərbaxça''ya uduzmaqla zirvədən 12 xal geri düşən ''Qalatasaray'', məlum olduğu kimi, həmin oyunda Fatih Terimi də itirdi.
Ünlü mütəxəssis ''Fənər''in qələbə qolundan sonra sərt etirazına görə ikinci sarı vərəqəni alaraq tribunaya göndərildi. Bəs görəsən, prezident Burak Elmasla birlikdə Nizam-İntizam Komitəsinə sövq edilən Terim neçə oyunluq cəza alacaq?
''İmperator''un hakim Xəlil Umut Melərlə dialoqunun detalları da məlum olub. Terim birinci sarı vərəqəni ilk yarının sonlarında aldı. O, top meydanı tərk etmədən ona toxunduğu üçün cəzalandı. Qovulduğu epizoda gəlincə, Terimin hakimlər briqadasını təhqir etdiyinə görə bu aqibətlə üzləşdiyi deyilir. Melər ona tam yaxınlaşmadan qırmızı vərəqə göstərincə, Terim əsəbi şəkildə hakimə ''kişiliyin çatırsa, gəl mənim yanımda göstər'' dedi. Həm bu məqam, həm də 68 yaşlı mütəxəssisin cezalı olduğu halda oyundan sonra paltardəyişmə otağına daxil olması hakimlərin raportunda yazılıb. Bu üzdən Türkiyə mətbuatının yazdığına inansaq, Terimi çox ciddi cəza gözləyə bilər. ''Hürriyət'' nəşrinin məlumatına görə ölkə futbolu tarixinin ən titullu məşqçisi təhqirə görə 3, qadağan olunduğu halda paltardəyişmə otağına daxil olduğu üçün daha 4, yəni ümumilikdə 7 oyunluq cəza ala bilər. Onun idmançıya yaraşmayan hərəkətə yol verdiyi məlum olsa, cəza hətta 8 oyuna da yüksələ bilər. ''Qalatasaray'' rəhbərliyi maksimum bir oyunluq cəza gözləyir. Amma ''Cim-Bom'' istənilən halda dərhal cəzaya etiraz edəcək.
Bu məsələ Terimin məşqçi karyerası ərzində aldığı çoxsaylı cəzaların yenidən gündəmə gəlməsinə səbəb olub. O ən son ötən mövsüm ''Çaykur Rizəspor''a 3:4 hesabı ilə məğlub olduqları matçdan sonra 2 oyunluq cəza almışdı. Bununla birlikdə Terimin son 10 ildə aldığı cəzaların sayı 35 oyuna yüksəlmişdi. O, bu cəzaların 30-nu superliqada, 3-nü ölkə kubokunda, 2-ni ölkə superkubokunda çəkib. Yəni məşhur çalışdırıcı ümumilikdə təxminən 1 mövsüm cəzalı olub! ''Qalatasaray'' indiyə qədər onun cəzalı olduğu 30 superliqa matçının yarısından çoxunda, daha dəqiq desək, 17-də qələbəyə həsrət qalaraq (10 bərabərlik, 7 məğlubiyyət) 90 mümkün xaldan yalnız 49-nu toplayıb.