Argentinada həm həkim, həm yazıçı həm də jurnalist kimi fəaliyyət göstərən Nelson Kastro dünən ''Dieqonun səhhəti'' adlı kitabının tanıtım mərasimini keçirib.
Kastro bu mərasimdə ötən ilin noyabrın 25-də dünyasını dəyişən futbol əfsanəsi ilə bağlı diqqətçəkən açıqlamalar verərək bunları deyib:
''Ximnasiya La Plata''nın bir qrup radikal tərəfdarları basdırılmamışdan öncə Maradonanın ürəyini oğurlamaq istəyirdi. Amma cavabdeh şəxslər bu planın baş tutmasına imkan vermədilər. Onlar bunu bilən kimi Dieqonun ürəyini çıxartdılar. Maradona ürəksiz basdırıldı! Ürəyin çıxardılmasının daha bir səbəbi onun ətraflı şəkildə müayinədən keçirilməsinin vacibliyi idi. Ölümün səbəbinin dəqiqləşdirilməsində ürək vacib rol oynayır. Təəssüf ki, Dieqonun onu öldürə biləcək bütün pis vərdişlərə marağı var idi. Hərçənd onun yerində başqası bu durumda olsaydı, daha tez dünyasını dəyişərdi. Maradonanın hətta deyərdim, möcüzəvi şəkildə möhkəm orqanizmi var idi. Problem ondadı ki, Maradona onun orqanizminə mənfi təsir edən şeylərdən heç vaxt tam mənada qurtulmağa çalışmadı. Maradonanın ürəyi çox böyük – 500 qram idi. Adətən insanın ürəyi 300 qram olur. Düzdü, idmançıların ürəyi normadan bir qədər böyük olur. Amma bu, onun ölüm səbəbi deyil. Dieqo yalnız ürək çatışmazlığından dünyasını dəyişdi''.