Premyer-liqada hesabat turunun əsas hadisəsi Sulşerin MY-dən qovulmasıdı.
Yığma fasiləsi “qırmızı şeytanlar”ın işinə yaramadı, onlar autsayder “Uotford” önündə darmadağın oldu. Bununla da cari mövsümdə 6-cı məşqçi istefası gerçəkləşdi. Çempionluğa iddialı “üçlük” qələbə qazandı. “Çelsi” və MS uyğun olaraq, “Lester”lə “Everton”u 3:0 hesabıyla məğlub etdi. Turun mərkəzi oyununda “Arsenal”ı darmadağın edən “Liverpul” “Vest Hem”i arxada qoydu. “Tottenhem” Konte ilə ilk qələbəsini qazandı. 12-ci turda üç məşqçi debüt etdi. Cerrardın “Aston Villa”da, Smitin “Norviç”də debütü uğurlu oldu, Hau isə “Nyukasl”dakı ilk oyununda 1 xal qazandı.
“Çelsi”yə evdə 0:3 uduzan “Lester” bəlkə də yaxasını yaxşı qurtardığına görə dua etməlidi. Qonaqlar erkən qol vurdu, künc zərbəsindən sonra Rüdiger “tülkülər”in qapısına yol tapdı. Oyunun üçdəbiri tamamlanmamış Kante fərqi artırdı, 2-ci hissədə isə Pulişiç fərqləndi. Maraqlıdı ki, “Çelsi”nin daha üç qolu ofsayd üzündən sayılmadı, Şmeyhel bir neçə möhtəşəm seyvlə yadda qaldı.
“Liverpul” ötən tur “Vest Hem”dən aldığı məğlubiyyəti azarkeşlərə unutdurdu. Düzdü, “Arsenal”la oyunun ilk yarısı asan keçmədi, “topçular”ın müdafiəsini yarmaq mümkün deyildi. Bu arada Manenin meydanın mərkəzindəki foluna görə Klopp ilə Arteta az qala əlbəyaxa davaya çıxacaqdı. Bundan sonra meydan sahibləri irəli şığıdı və elə həmin Mane hesabı açdı. Qeyd etmək lazımdı ki, Remsdeyl komandasının oyundan qopmaması üçün əlindən gələni edirdi. Ancaq onun oyundaşları çox zəif təsir bağışlayırdı. Necə deyərlər, bir güllə bahar olmur! “Liverpul”un möhtəşəm hücum xətti fasilədən sinra “Arsenal”ı darmadağın etdi, Jota, Salah və Minamino qol hesabını artırdı.
Turnir cədvəlində “Çelsi” ilə “Liverpul”un arasında qərarlaşan MS “Everton”la ev oyununda heç bir problem yaşamadı. Benitesin yetirmələri yalnız müdafiə olunmaqla kifayətləndi. Təbii ki, istənilən müdafiəni yarmağın yolu var və həmin yolu hissənin sonunda Sterlinq göstərdi. “Siti” fasilədən sonra Rodrinin gözəl qolu ilə fərqi artırdı. Sonda Bernardo Silva hesabı darmadağı həddinə çatdırdı. “Etihad”ın sahiblərinin bundan sonra da fərqlənmək imkanları var idi.
MY-nin “Uotford” qarşısındakı oyununa izah tapmaq çətindi. Maraqlıdı ki, 11-ci dəqiqədə Sarrın ardıcıl iki penalti zərbəsini De Xea dəf etdi. Məntiqlə bu məqam qonaqları ruhlandırmalıydı. Ancaq belə olmadı. Elitanın autsayderi və debütantı bir qədər də fəallaşdı. Kinq 28-ci, Sarr 44-cü dəqiqədə fərqləndi. Fasilədən dərhal sonra Van de Beekin fərqi azaltması da MY-ni oyuna qaytarmadı. Maquayrın 69-cu dəqiqədə meydandan qovulması sonda vəziyyəti qonaqlar üçün daha faciəvi hala gətirdi. Uzatma dəqiqələrində Pedro ilə Dennis oyunun məntiqi axarına uyğun olan qollar vurdu. Təbii ki, MY rəhbərliyi bu məğlubiyyəti qəbul etmədi və oyundan az sonra Sulşer istefaya göndərildi.
“Tottenhem” – “Lids” oyunu şən axarda keçdi. Hissələr bir-birinə bənzəmədi. Fasiləyə qədər qonaqlar meydanda ağalıq edirdi. Bunun da məntiqi nəticəsi kimi Ceyms hesabı açdı. 2-ci hissədə oyunun axarı dəyişdi. Artıq Kontenin komandası daha fəal görünür, Byelsanın komandası isə eyni şəkildə cavab verməyə çalışırdı. Heybyerq 58-ci dəqiqədə hesabı bərabərləşdirəndən sonra da londonlular artıq yorulduğu görünən qonaqları sıxışdırmaqda idi. Regilonun qolu “Tottenhem”ə əzmkar qələ qazandırdı.
“Vulverhempton” – “Vest Hem” oyununun taleyini Ximenesin vurduğu yeganə qol müəyyənləşdirdi. “Canavarlar” ardıcıl 3-cü ev qələbəsini qazandısa, londonlular cari mövsümdə ilk dəfə səfərdə uduzdu.
Cerrardın “Aston Villa”da debütü “Brayton”la oyuna təsadüf etdi. İnsafən, qonaqlar oyunboyu ərazi üstünlüyünə malik oldu. Amma qolları birmingemlilər vurdu. Uotkinslə Minqsin son 7 dəqiqədə vurduğu qollar Cerrardı sevindirməklə yanaşı, “Aston Villa”nı məğlubiyyət seriyasını 6-da saxladı. “Brayton” isə artıq 7 turdu qələbə qazana bilmir.
“Aston Villa”dan qovulan Smitin işsiz günləri uzun sürmədi, o tezliklə “Norviç”də Farkeni əvəz etdi. Və bu komanda hesabat turunda “Sauthempton” üzərində əzmkar qələbə qazandı.
Turun iki oyununda qol yağış kimi yağdı. “Bernli” – “Kristal Pelas” oyununun ilk 49 dəqiqəsində komandalar hərəyə 3 qol vurdu və sakitləşdi – 3:3. “Nyukasl” – “Brentford” oyununda da, demək olar ki, eyni ssenari yaşandı və ilk yarı çox məhsuldar keçdi. Haunun rəhbərliyi altında ilk oyununu keçirən “sağsağanlar” erkən qolla hesabı açsalar da, sonradan iki dəfə bərabərlik qolu vurmağa məcbur oldular. “Nyukasl” hələ də mövsümdə qələbə hesabını aça bilməyib.