Son üç gündə MHL-də keçirilən oyunlarla bağlı bəzi maraqlı məqamlar var.
Srağagün “Minnesota”nı məğlub edən “Florida” mövsümün startında ardıcıl 10-cu ev qələbəsini qazandı. Bununla da “Panterz” MHL tarixinin ən yaxşı 2-ci nəticəsini təkrarladı. 1925/26 mövsümündə “Monreal”, 2016/17 mövsümündə isə “Ottava” startda ardıcıl 10 qələbə qazanıb. Bu mənada rekord 1963/64 mövsümünə ardıcıl 11 ev qələbəsi ilə başlayan “Çikaqo”ya məxsusdu.
Digər nəticələrə gəlincə, dünən “Toronto”ya uduzan “Aylenders” ardıcıl 6-cı oyunda məğlubiyyətlə barışdı. Son 3 günə damğa vuran hokkeyçilərdən biri Aleksandr Oveçkindi. “Vaşinqton”un rusiyalı kapitanı “San-Xose” ilə oyunda dubl etdi, “Sietl”in qapısına 1 qol vurdu. Cari mövsümdə artıq 30 xal (15+15) toplayan Ovi müntəzəm çempionatdakı qollarının sayını 745-ə çatdırdı. İndi o, 3-cü yerdə qərarlaşan Yaromir Yaqdan (766) 21 qol geri qalır. Rusiyalı müntəzəm çempionatda keçirdiyi 1216 oyunda 745 qol vurub, 605 məhsuldar ötürmə verib.