11-ci turun açılış oyunu “Azərsun Arena”da baş tutdu.
Lider “Qarabağ” “Keşlə”ni qonaq etdi. Bir qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəldi. Hesabına daha 3 xal yazan ağdamlılar bununla da ən yaxın izləyicisi “Qəbələ”dən 5, çempionluq uğrunda əsas rəqibi “Neftçi”dən 9 xal aralandı. Üçüncü pillədəki “Zirə” ilə xal fərqi isə 7-də qaldı.
“Zirə”dən söz düşmüşkən, Rəşad Sadıqovun çalışdırdığı qəsəbə təmsilçisi də 11-ci oyun həftəsində azarkeşlərini sevindirdi. “Qartalar”ın budəfəki “şikar”ı “Səbail” oldu. “Dənizçilər”lə matçda böyük üstünlüyə sahib olan meydan sahibləri cəzalı olduğuna görə texniki zonada yer almayan Aftandil Hacıyevin yetirmələrini çətinlik çəkmədən məğlub etdi. Premyer-liqanın ən sərrast futbolçusu Davit Volkov isə bu matçda qol və məhsuldar ötürmə ilə yadda qaldı. Ötən həftə Gürcüstan millisində debüt edən, Özbəkistanla yoldaşlıq görüşündə yığmada qol hesabını açan Davit çempionatda 9-cu qolunu vumaqla bombardilər yarışında ən yaxın izləyicisi olan “Qarabağ”ın futbolçusu Filip Ozobiçi 3 top qabaqlayır.
Ramin Quliyevin istefasından sonra “Sabah” inkişaf mərhələsinə qədəm qoyub desək, yanılmarıq. “Tələbələr” artıq 4 oyundu məğlubiyyətin nə olduğunu bilmir. 8-9-cu turlarda İqor Ponomaryovun meydana çıxardığı komanda iki qələbə ilə yadda qalmışdısa, Murad Musayevin baş məşqçi postuna təyinatından sonra 6 mümkün xaldan 4-nü toplayıb. Hesabat turunda "Sabah" “Neftçi”nin qonağı idi. Ancaq “tələbələr” özünü heç də qonaq kimi aparmayaraq, flaqmanı şoka saldı. Bununla da “Sabah” tarixində ilk dəfə “ağ-qaralar”a qalib gəldi. Samir Abasovun baş məşqçisi olduğu son çempion ardıcıl 3 görüşdə qələbəyə həsrət qalmaqla yanaşı, ilk “üçlük”dəki mövqeyini də itirdi.
Turun son qarşılaşması Şimali Qafqaz dağlarının ətəyində yerləşən Qəbələdə baş tutdu. Bəlkə də ən nikbin azarkeşi belə bölgənin eyniadlı təmsilçisinin 11 tudan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşacağını təxmin etməzdi. Ancaq Elmar Baxşıyev və futbolçuları hələ ki inanılmazı gerçəkləşdirir, futbol camiəsini təəccübləndirir. “Qırmızı-qaralar” bu dəfə “Sumqayıt”ı yenməklə avrokubok iddiasını sürdürdü. “Kimyaçılar” isə turdan-tura geriləyir. Bəlkə də bu vəziyyətdən ən yaxşı çıxış yolu elə Ayxan Abbasovun özünün dediyi kimi istefa verməkdi.
Azərbaycan premyer-liqası
2-ci dövrə, 11-ci tur
19 noyabr
Qarabağ – Keşlə 1:0
20 noyabr
Neftçi – Sabah 1:2
Zirə - Səbail 3:1
21 noyabr
Qəbələ - Sumqayıt 2:1
1. Qarabağ 11 8 2 1 23-7 26
2. Qəbələ 11 6 3 2 20-12 21
3. Zirə 11 5 4 2 18-12 19
4. Neftçi 11 5 2 4 19-18 17
5. Sabah 11 3 2 6 14-17 11
6. Sumqayıt 11 3 2 6 8-14 11
7. Keşlə 11 3 1 7 11-19 10
8. Səbail 11 3 0 8 9-23 9
Bombardirlər: Davit Volkov (Zirə) – 9, Filip Ozobiç (Qarabağ) – 6, Coy-Lens Mikels (Sabah), Ülvi İsgəndərov (Qəbələ) – 5.
Növbəti turun oyunları: 27 noyabr – Sabah – Keşlə, Neftçi - Səbail; 28 noyabr – Sumqayıt – Zirə; 29 noyabr - Qəbələ - Qarabağ.
RƏŞAD