İran ictimaiyyəti bu günlərdə adı dünya mətbuatının gündəminə oturan Zöhrə Kudaeiyə dəstək verməkdə davam edir.
Xatırladaq ki, İranın xanımlardan ibarət yığmasının qapısını qoruyan 32 yaşlı Kudaei kişi olmaqda günahlandırılmışdı. İordaniyanın xanımlardan ibarət yığması sentyabrda penaltilər seriyasında İrana məğlub olmaqla Asiya Kubokunun final mərhələsinə düşə bilməmişdi. Sosial şəbəkələrdə həmin matçda İranın qapısını qoruyan Zöhrənin kişi olması ilə bağlı xəbərlər yayılınca İordaniya Futbol Federasiyası məsələnin araşdırılması ilə bağlı Asiya Futbol Konfederasiyasına rəsmən müraciət etmişdi. Amma çox keçmədən Zöhrə Kudaei özü hər şeyə aydınlıq gətirmiş, xanım olduğunu vurğulamış və adına ləkə gətirdiyinə görə İordaniya Futbol Federasiyasını məhkəməyə verəcəyini demişdi.
İranda sosial şəbəkə istifadəçiləri Kudaei adı ilə açdıqları həştəqlərlə qapıçıya dəstək veriblər. Qadın haqlarını müdafiə edən qurumların hələ də bu məsələyə biganə qalması da tənqid olunub. Tehran Böyükşəhər Bələdiyyəsi isə qapıçıya dəstək vermək məqsədilə onun böyük şəkillərini və posterlərini şəhərin ən hərəkətli yerlərinə vurub. Məsələn, son 2 gündə paytaxtın tanınmış yerləri olan Vəliəsr, Haftom Tir və Fatəmi meydanlarında Kudaeinin şəkillərinə rast gəlinib. Üzərində ''qəhrəman idmançımız'', ''İranın fəxri'' kimi sözlər yazılmış posterler yerli əhali tərəfindən çox yaxşı qarşılanıb.
Qeyd edək ki, İranın xanımlardan ibarət yığmasının başı keçmişdə də buna bənzər hadisələr üzündən çox ağrıyıb. 2015-ci ildə belə bir xəbər yayılmışdı ki, komandanın 8 üzvü cinsiyyətini dəyişdirmək istəyən kişilərdi və onlar cinsiyyətlərini dəyişdirməyə çatmadan meydana çıxıblar. İngiltərə mətbuatının ortaya atdığı bu iddiadan sonra həmin 8 futbolçu cinsiyyət testindən keçmək məcburiyyətində qalmışdı. 2014-də isə yığmanın daha 4 futbolçusu ilə bağlı bu cür iddialar gündəmə gəlmişdi.