Ölkə çempionatına bu gün keçirilən "Qəbələ" - "Sumqayıt" matçı ilə yekun vurulub.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşma meydan sahiblərinin 2:1 qələbəsi ilə yekunlaşıb. Oyundan sonra baş tutan mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov görüş haqda fikirlərini bildirib.
"Bəlkə də, vaxtı gəlib, getmək lazımdı" - Ayxan Abbasov
“Təəssüf ki, ikinci hissədə bir neçə dəqiqəlik diqqətsiz oynadıq, konsentrasiyanı itirdik. Qapımızda da qollar gördük. Ondan sonra nələrisə dəyişməyə, hücuma atılmağa çalışdıq. Bir top vursaq da, bərabərlik əldə edə bilmədik. Üzücüdü, çünki itkilərimiz var idi. Bu matçdan sonra daha da çoxaldı. Ehtiyat qüvvənin az olması, rotasiyalar edə bilməməyimiz bizə çətinlik yaradır. Qış fasiləsinə qədər 3 oyun var. Futbolçulara da dedim ki, təslim olmaq olmaz. Maksimum güclə oynamaq lazımdı. Futbolçulara da deyirdim ki, bura qalxmaq asandı, ancaq burada qalmaq çətindi. Bəzi oyunçular mövsümün əvvəlində formada olmadılar, zədələr oldu. Kollektivi tam komplektləşdirə bilmədik. Bəlkə də, xeyirlisi budu. Əlimizdə olanlarla maksimum çıxış etməyə çalışırıq. Digər rəqiblər də güclənib. “Qəbələ” iki il idi nəticə göstərməsə də, təslim olmurdu, yeniliklər axtarırdı. Yeni gələn futbolçular bu gün çempionata rəng qatır. Bu da bir nümunədi. Öz komandamın həmişə arxasındayam. Qalan matçları keçirib, düşünəcəyik. Bir az çətinlik də çəkirəm. Bəlkə də, nəyisə dəyişmək lazımdı. Bəlkə də, vaxtı gəlib, getmək lazımdı. Bu üç oyunu keçirdikdən sonra düşünəcəyəm. Çünki maksimumu elədiyimizi hiss edirəm”.