Yığmamızın italiyalı baş məşqçisi Canni de Byazi “CBC Sport”un “Start” proqramına qatılıb, aparıcının suallarını cavablayıb.
66 yaşına qədəm qoyan adamın sözlərindən, atalar demiş, qırımından belə başa düşdüm ki, hələ də burda qalacağından ümidini üzməyib. Mən gözləyirdim ki, italiyalı çalışdırıcı millinin qrupdakı uğursuzluğundan sonra bizdən üzr istəyəcək, ümidləri doğrulda bilməyəcəyini etiraf edəcək. Sonra da deyəcək ki, “boş-boşuna noyabrın sonunu gözləməyə ehtiyac yoxdu, mən hər şeyə görə sizə minnətdaram və evimə dönürəm”. Əminəm ki, siz də mənimlə razılaşarsız. Bir məşqçinin uğursuz olduğunu görmək üçün ilyarım zaman, 20 oyun, iki fərqli turnirin seçmə mərhələsi kifayət deyilmi? Belə baxıram ki, De Byazi buraları çox bəyənib. Elə həmin proqramda Azərbaycana sevgisindən, bizim himni öyrənmək istəyindən də bəhs edirdi. Olsun. Biz qonaqpərvər insanlarıq, De Byazi bank hesabındakı pullardan çox kiçik qismini xərcləməklə Bakıda özünə güzəran düzəldə, ev-eşik sahibi ola bilər. AFFA da onun xidmətlərini nəzərə alıb, “CBC Sport”da ekspert qismində efirə çıxmasına, gününü keçirməsinə yardımçı olar. Onsuz da qurumun nəzarətində olan telekanalda son vaxtlar əməlli-başlı ekspert qıtlığı yaşanır.
Bundan artıq güzəşti De Byaziyə etmək mümkün deyil. Nə özü, nə də vətənindən gətirdiyi köməkçiləri futbolumuza, millimizə fayda verdilər. Bunu görmək üçün nə təcrübəli idman mütəxəssi olmağa ehtiyac var, nə də yazara. Bəllidi ki, italiyalıların Azərbaycandakı sərgüzəştlərinin bizim üçün faydasız olduğunu hamı görür. Orası da düzdü ki, gördüyünü dilə gətirmək cəsarəti, haqqı demək məsuliyyəti heç də hamıda yoxdu. Bu da hazırda yaşadığımız cəmiyyətin böyük eyiblərindən biridi. Ola bilsin, sinyor De Byaziyə AFFA-dakı havadarları, yaxud da onu bizə calayan menecerlər hansısa ümid veriblər. Ona görə də adam noyabrın sonunu işarə verib, AFFA ilə müqavilənin davam edib-etməyəcəyi ilə bağlı ortaq qərarlarının olmadığını deyir. Millətlər Liqasındakı fiaskonu bir kənara qoyuram. Onsuz da De Byazi həmin vaxt ölkədə müharibənin getdiyini, millinin Bakıdan qaçaq salındığını əlində bayraq edir. Amma unudur ki, elə həmin Millətlər Liqasının ilk oyununda Lüksemburqu qəbul edirdik və meydandan məğlub ayrılmışdıq. Yəni heç kim millinin rəqiblərini Bakıda qəbul edəcəyi halda qələbələri sıralayacağına təminat verə bilməz.
Bütün ağsaqqallardan, yaşlı insanlardan üzr istəyirəm. Onların hamısına böyük hörmətim var. Amma şəxsi qənaətimdi ki, 66 yaşına qədəm qoyan adam Azərbaycan millisini çalışdırmamalıdı. De Byazinin məşqçi kimi xarakterini də gördük. Soyuqqanlı italyan bizim futbolçuları coşduracaq, onları boyundan yuxarı tullanmağa həvəsləndirəcək enerjiyə, gücə, qabiliyyətə sahib deyil. AFFA-dan bu ilyarımda qopardıqları da yetərincə böyük məbləğdi. Alınmadısa, dünyanın sonu deyil. Evinə getsin, nəvələrini, övladlarını başına toplayıb, həyatdan zövq almağa çalışsın. Nə məcburdu axı özünü Azərbaycanda cəncələ salırsan? Səsim ona çatsaydı, bunları deyərdim. Üstünə də onu əlavə edərdim ki, U-19 millimizin baş məşqçisi Elxan Abdullayev Azərbaycan futbolunun səviyyəsini açıq dillə ifadə edib, xəstəliyimizin diaqnozunu qoyub. Bizim hazırkı vəziyyətimiz Orta Asiyada yerləşən Qırğızıstanı belə məğlub etməyə yetərli deyil. Gənclərimiz o gündədisə, əsas millinin gələcəyinə də ümid bəsləməyə dəyməz. Belədə ahıl yaşlı De Byazinin də buralarda çox yubanmasına lüzum yoxdu. Bizim futbolu “sökmək”, yenidən “yığmaq” lazımdı. Onun da nəticəsini həmin prosesə başladıqdan azı 5-6 il sonra görəcəyik. Ömür vəfa etsə...
De Byazi bunları bilmir? Ya bilir, amma AFFA-nın gözqamaşdıran milyonları onun ağlını başından alır, reallıq hissini itirməyə məcbur edir? Şəxsən mən bu suala cavab tapmağa çətinlik çəkirəm. “Start”dakı görüntüsündən belə başa düşdüm ki, bizdən ikiəlli yapışıb və AFFA-nın istəyi olsa, burdan getmək fikrində deyil. Yazıqdı bu ölkənin futboluna, onun gələcəyinə. Bu günə kimi itirdiklərimizi itirmişik, heç olmasa, sabaha zərrəcə ümidimiz qalsın, ay sinyor. Sən bu “oyun”un “oyunçusu”, kimlərinsə aləti olmağa bundan sonra razılıq vermə. Yaşına-başına hörmət qoy, tök daşı ətəyindən. Heç bizi “quql”dan sənin nə deyəcəyini axtarmağa məcbur da etmə, cəsarətlən və sandığı açıb, pambığı çölə tök. De ki, Azərbaycan futbolunun hazırkı potensialı budusa, vaxtınıza və pulunuza qənaət edin, əl çəkin əcnəbi məşqçi sevdasından. Mən və mənim kimilər sizi ağ günə çıxara bilmərik. Özünüz çalışın ki, bir ağ gün görəsiz. De Byazidən bu cəsarəti gözləyəkmi?!
AMAL