''Beşiktaş'' bu mövsümkü nəticələri ilə fanatlarına şok yaşatmaqda davam edir.
İstanbul nəhəngi dünən 13-cü tur çərçivəsində səfərdə ''Alanyaspor''a 2 cavabsız qolla məğlub oldu. 13 turdan sonra ''Qartal''ın aktivində cəmi 20 xal var. Bu da o deməkdi ki, komanda son 16 ilin ən pis dönəmini yaşayır! ''Ağ-qaralar'' 13-cü turdan sonra indikindən az xalı sonuncu dəfə 2005/06-da (19) toplayıblar. ''Beşiktaş'' superliqada 2012-nin sentyabrından bu yana ilk dəfə ardıcıl 3 oyundan xalsız ayrıldısa, 2000/01-dən bu yana ilk dəfə səfərdə ardıcıl 4 oyunda məğlub oldu! Bütün bunların komandanın son çempion statusunda oynadığı bir mövsümdə baş verməsi ikiqat üzücüdü. Sərgən Yalçının kollektivi son 13 rəsmi oyunda 9 dəfə meydanı başıaşağı tərk edib (3 qələbə, 1 heç-heçə) və bu müddətdə heç bir matçda qapısını toxunulmaz saxlaya bilməyərək ümumilikdə 29 top buraxıb! Alanya səfərindəki zəif, çarəsiz və istəksiz oyuna hətta Sərgən Yalçın da izah tapa bilmədi. O, mətbuat konfransında ''Beşiktaş''ın başında olduğu 2 ilə yaxın müddətdə ilk dəfə kənardan çarəsiz bir şəkildə oyunu izlədiyini etiraf edərək futbol adına ortaya heç bir şey qoymadıqlarını dedi.
''Alanyaspor''u isə son dönəmlərdəki performansına görə yalnız alqışlamaq olar. Bu komanda Bülənt Korkmazın təyinatından bu yana keçirdiyi 10 matçda 21 xal toplayıb (6 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət). Ən əsası 5-ci turda səfərdə ''Qalatasaray''ı 1:0, 10-cu turda səfərdə ''Fənərbaxça''nı 2:1 və dünən də evdə ''Beşiktaş''ı evdə 2:0 hesabı ilə yenən ''Alanyaspor'' superliqa tarixində hər üç İstanbul nəhəngini ilk dövrədə məğlub edən ilk komanda oldu!