Usman Dembele intizamla bağlı problemindən qurtulmağı bacarmır.
Halbuki onun növbəti dəfə cəzalanmaq təhlükəsindən qorxduğunu düşünmək olardı. Xavi Ernandesin baş məşqçi vəzifəsinə təyinatından sonra “Barselona”da intizama xüsusi diqqət yetirilir. 41 yaşlı mütəxəssis komandaya fərqli statusla qayıdandan sonra bir sıra qaydalar müəyyən etmişdi. Qaydalara riayət etməyənləri cərimə və digər cəzalar gözləyəcək. Bir neçə gün əvvəl Dembelenin cərimələnməsi ilə bağlı xəbər yayılmışdı. İspaniya mənbələri buna 24 yaşlı hücumçunun məşqə gecikməsinin səbəb olduğunu bildirmişdi. O, komandanın bazasına 08.30-da gəlməli olduğu halda özünü məşqdən əvvəlki hazırlıq prosesinə 08.33-də çatdıra bilmişdi.
Bir daha cərimələnmək istəməyən Usman növbəti məşqə vaxtında gəlmişdi. Jurnalist Aleks Pintanel fransız futbolçunun hətta bu baxımdan bütün oyundaşlarını qabaqladığını da bildirmişdi.
Ancaq Dembele bu həftə ikinci dəfə məşqə gecikib. TV3 telekanalının xəbərində onun cümə günü səhər məşqinə gəlmədiyi bildirilib. Maraqlıdı ki, Usman klubdan onunla əlaqə saxlayan şəxsə məşqin günorta saatlarında başladığını zənn etdiyini deyib...