Bu günlərdə Pol Poqba üçün bu ilin erkən sona çatdığı məlum olmuşdu: onun dekabrın sonunadək yaşıl meydana qayıtmayacağı açıqlanmışdı.
"Football-plus.az" saytının məlumatına görə, “Mançester Yunayted”in oyunçusunun Fransa yığmasının məşqində sağ budundan aldığı zədə səbəbindən azı 6 həftə futbolsuz qalacağı bildirilmişdi. Yayılan məlumatda Poqbanın Fransa və ya İngiltərədə reabilitasiya keçməyəcəyi və fərdi məşqçi ilə Birləşmiş Ərəb Əmirliklərinə yollanacağı da qeyd edilmişdi.
Lakin bu mövsüm İngiltərə premyer-liqasında 9 oyun keçirən və 7 məhsuldar ötürmə verən 28 yaşlı Polun növbəti müayinəsi onun vəziyyətinin daha ciddi olduğunu göstərib. Baş məşqçi Ole Qunnar Sulşer dünya çempionu ilə bağlı belə açıqlama verib: “Zədələnməsi Pol üçün çox pis oldu. Mən həkim deyiləm, onun bərpasının nə qədər çəkəcəyini deyə bilmərəm. Ehtimala görə, bərpa müddəti azı 6-7 həftəni, maksimum isə 10-12 həftəni əhatə edə bilər. Bildiyim odu ki, Pol tezliklə meydana qayıtmaq və yenidən möhtəşəm oyun sərgiləmək istəyir”.