Premyer-liqanın 11-ci turunda "Sabah" səfərdə "Neftçi"ni məğlub edib.
"Football-plus.az" saytının məlumatına görə, qarşılaşmadan sonra keçirilən mətbuat konfransında "tələbələr"in baş məşqçisi Murad Musayev qələbə haqda fikirlərini səsləndirib:
“Neftçi” güclü komandadı. Son çempiondu. Çox vacib qələbə qazandıq. İlk hissədə oyunumuz alınmadı. Amma hər top üçün mübarizə apardıq. Fasilədən sonra səhvlərimizi aradan qaldırdıq. Pressinqi gücləndirdik və top oğurlamaqdan sonra iki qol vurduq. Futbolçulardan çox razıyam. Görüləcək işlərimiz var. Oyundan sonra bildim ki, bu, “Neftçi” üzərində ilk qələbədi. Buna görə sevinirəm. “Sabah”da ilk qələbəmi qazandığım üçün çox şadam. Amma sabahdan bunu unudub işimizi davam etməliyik. Bizi qarşıda çox iş gözləyir. Bütün aspektlər üzərində çalışmalıyıq. Ən önəmlisi odu ki, dayanmamalıyıq”.
Rusiyalı mütəxəssis qış fasiləsindəki planlarını da açıqlayıb:
“Çox sayda transfer olmayacaq. Heyətimizdə yüksək keyfiyyətli oyunçularımız var. Bəzi mövqeləri gücləndirmək barədə danışıqlar gedir. İndiki futbolçulara daha çox güvənəcəyik. Özümdən əvvəlki məşqçiyə hörmətlə yanaşıram. Lakin mənim futbol baxışım fərqlidi. Əvvəlki “Sabah”la indikinin oyun üslubu da fərqlənir. Mən bunu uyğunlaşdırmaq istəyirəm. Vəd verməyi sevmirəm. Çalışacağıq ki, hücum futbolu oynayaq. Bu da futbolda ən çətin olanıdı. Bu istiqamətdə işləyəcəyik”.