Bu mövsüm məhsuldarlığı aşağı düşən Burak Yılmaz pərəstişkarlarını üzməkdə davam edir.
Nə onun, nə də şərəfini qoruduğu ''Lill''in işləri düzgün gedir. ''İtlər'' dünən Fransa çempionatının 14-cü turunda ''Monako'' ilə səfər oyununda 2 topluq üstünlüyü əldən verərək yalnız 1 xalla kifayətləndilər. Son çempion 14 tura cəmi 17 xal toplamaqla 12-ci pillədə qərarlaşıblar. Bir oyun az keçirən lider PSJ-dən 17 xal geridə olan ''Lill'' üçün bu mövsümlük çempionluq dəftərini bağlamaq olar.
Burak ötən mövsüm 28 çempionat oyununda 16 qol, 5 məhsuldar ötürməlik performansı ilə tarixi çempionluğun baş memarlarından biri olmuşdusa, bu mövsüm 12 çempionat oyununda onun aktivində cəmi 2 qol, 3 məhsuldar ötürmə var. Liqa-1-də son qolunu 5-ci turda ''Amyen'' səfərində vuran Burak artıq 7 oyundu fərqlənə bilmir. Bu, onun Fransa çempionatındakı ən uzun qolsuz seriyasıdı. Bu arada OPTA-nın məlumatına görə Burak Yılmaz bu mövsüm Fransa çempionatında artıq 16 dəfə ofsayda düşüb. Bu göstərici ilə 36 yaşlı forvard hazırda ''böyük beşlik''də ən çox ofsayda düşən futbolçu statusundadı! Ötən həftəiçi Fransada populyar saytlardan birində Türkiyə yığmasının kapitanı ilə bağlı sorğu keçirilmişdi. ''Burak ehtiyatda qalmalıdımı'' sorğusunda iştirak edənlərin 73 faizi ''bəli'' cavabını vermişdi.