Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat superturniri keçiriləcək.
"Football-plus.az" saytının məlumatına görə, Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğuyla baş tutacaq Memorial dekabrın 17-də start götürəcək. 7-ci Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Turnirə “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.