Beləliklə, 4 gün öncə keçirilən oyunlarla Avropa zonasında dünya çempionatının seçmə mərhələsi başa çatdı.
Amma daha üç vəsiqə sahibini gözləyir.
DÇ-yə necə düşməli?
Bildiyiniz kimi, Avropadan 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatına 13 yığma yollanacaq. Seçmə qrupun qalibi olan 10 yığma mundiala birbaşa vəsiqə qazanıb. Bunlar İngiltərə, Belçika, Almaniya, Niderland, Danimarka, İspaniya, Serbiya, Fransa, Xorvatiya və İsveçrədi. Qalan üç vəsiqə ilk dəfə bu formatda keçirilən pley-offun ən yaxşı üç komandasına çatacaq. Pley-offda qruplarda 2-ci yeri tutan 10, eləcə də Millətlər Liqasının 2020/21 mövsümündə qrup qalibi olan, ancaq DÇ-2022-yə seçmə qrupun qalibi kimi vəsiqə qazana və pley-offa 2-ci yeri tutanlar sırasında qatıla bilməyən 2 komanda iştirak edəcək.
Pley-offun iştirakçıları
Pley-offda DÇ-2022-nin seçmə mərhələsində qrupda 2-ci yeri tutan Rusiya, Portuqaliya, Şotlandiya, İtaliya, İsveç, Uels, Türkiyə, Polşa, Şimali Makedoniya və Ukrayna oynayacaq. Onlardan başqa, Millətlər Liqası vasitəsi ilə Avstriya və Çexiya yığmaları da burda oynamaq imkanı qazanıb.
Püşkatma
Pley-offun püşkü noyabrın 26-da atılacaq. Yuxarıda adını çəkdiyimiz 12 iştirakmı hər birində 4 komanda olan 3 qrupa (“yola”) ayrılacaq. Hər qrupda yarımfinal cütləri qurulacaq. Bir oyundan ibarət yarımfinalın qalibləri finala çıxacaq. Finalların üç qalibi Qətərə vəsiqələrin sahibi olacaq. Püşkatma ərəfəsində bütün yığmalar “səpələnmişlər” və “səpələnməmişlər” səbətinə ayrılacaq. Bunun üçün aşağıdakı meyarlardan istifadə olunacaq:
• qrup turnirində toplanılan xal sayı;
• vurulan və buraxılan topların fərqi;
• vurulan topların sayı;
• qələbə sayı;
• səfər qələbələrinin sayı;
• intizam balı (sarı və qırmızı vərəqələr nəzərə alınır).
6 komandalı qrupda oynayanlar üçün sonuncu yeri tutan komanda ilə oyunların nəticəsi nəzərə alınmır. “Səpələnmişlər” sırasına Rusiya, Portuqaliya, Şotlandiya, İtaliya, İsveç və Uels, “səpələnməmişlər” sırasına isə Avstriya, Polşa, Şimali Makedoniya, Türkiyə, Ukrayna və Çexiya daxildi. Bu da o deməkdi ki, Türkiyə yarımfinal oyununu səfərdə keçirəcək. Püşkatma ilə bağlı daha bir önəmli məqam budu ki, Rusiya və Ukrayna yığmaları bir-biri ilə qarşılaşa bilməz.
Püşkatmanın gedişində əvvəlcə yarımfinal cütləri üzrə “səpələnmişlər” müəyyən ediləcək: A yolu (1-ci və 2-ci yarımfinallar), B yolu (3-cü və 4-cü yarımfinallar), C yolu (5-ci və 6-cı yarımfinallar). Ardından sıra ilə “səpələnməmişlər” cütləri də ayrılacaq. Finallarda meydan sahiblərini püşk müəyyənləşdirəcək. Bu isə o deməkdi ki, yarımfinalı səfərdə keçirməli olan Türkiyə finala çıxacağı halda bəxtsizlikdən yenə rəqib meydanında oynaya bilər. Pley-off oyunları gələn ilin yazında keçiriləcək. Yarımfinallar martın 24-25-də, finallar isə 28-29-da olacaq.