AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Gəncəyə səfər edib.
"Football-plus.az" saytının məlumatına görə, qurumun rəsmisi "Kəpəz"in premyer-liqada çıxış edəcəyi ilə bağlı xəbərlər haqda deyib:
"Kəpəz"in premyer-liqada iştirak etməsini istəyirik. Çünki elitada bu komanda çatmır. Ümid edirəm ki, "Kəpəz" də həmin komandaların arasında olacaq".
Elxan Məmmədov Gəncədə yaradılacaq futbol akademiyasının gələn ilin sonunda hazır olacağını söyləyib:
"Bu ilin sonunadək inşaat işləri başlanacaq. AFFA ötən il UEFA və FIFA-nın dəstəyi ilə Tovuzda futbol akademiyası inşa etdi. Akademiya artıq çox səmərəli fəaliyyət göstərir. İnanıram ki, Gəncədə də bu cür akademiya istifadəyə veriləcək. Uzaq yoldan gələn uşaqların qalması üçün akademiyada yataqxana, həmçinin yemakxana, konfrans və dərs otaqları da olacaq. Uşaqlar formalarla təmin olunacaqlar".
"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionu ilə bağlı məsələyə də toxunan Elxan Məmmədov arenanın Dövlət Proqramına salındığını və yaxın gələcəkdə işlərə başlanacağını vurğulayıb.