8 turdan sonra “Sumqayıt-2”nin baş məşqçisi Hakan Sünal bu gün nəhayət ki, birinci divizionda qələbə sevinci yaşadı.
Yox, elə düşünməyin ki, nəyisə səhv etmişəm, “kimyaçılar”ın “ikincilər”inin mövsümdə ikinci qələbəsini qazandığını unutmuşam. Sadəcə, cari “futbol ili”nin 6-cı turuna tasədüf edən “Keşlə” üzərində qələbədə Hakan bəyin heç bir zəhməti olmayıb. O növbəti qısamüddətli məzuniyyəti zamanı Almaniyada olduğu vaxtda komandanı paytaxt təmsilçisi ilə görüşə köməkçisi Azər Mehdiyev çıxartmışdı. Həmin qələbə də məhz Azər bəyin işinin nəticəsi idi.
“Səbail-2” ilə oyuna gəlincə, bəli, bu oyunda texniki zonada söz sahibi türk mənşəli, Almaniyada yaşayan mütəxəssis söz sahibi idi. Ancaq onu da qeyd edim ki, əldə etdiyim məlumata görə, yığma komandalara görə premyer-liqada və aşağı dəstədə yaranan fasiləyə görə “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov əvəzedici komandanın bir neçə futbolçusunu – “Səbail-2” ilə görüşdə əsas heyətdə meydana çıxan Nicat Əliyev, Rüstəm Hümbətov, Nihad Ağayev, Sənan Ağayev, Cavid Quliyev, Tural Axverdiyevi əsas komandanın məşqlərinə dəvət edib və “dənizçilər”in əvəzediciləri ilə görüşə qədər bu yeniyetmələr Ayxan bəyin rəhbərliyi altında məşq ediblər. Belə çıxır ki, “Səbail-2” ilə qarşılaşmada “Sumqayıt-2” qələbə qazansa da, bu uğurda Hakan bəyin heç bir əməyi yoxdu. Belə olan halda “Sumqayıt” rəhbərliyinə bir sual ünvanlamaq istəyirəm. Əəzedicilərin iki qələbəsindən birində köməkçi-məşqçinin, ikincisində isə əsas komandanın çalışdırıcısının xidməti varsa, ölkə xaricindən məşqçi dəvət etməyin nə mənası var?
P.S. Bu da “Qarabağ”la oyuna qanunla icazə verilən sayda biletdən artıq satmaq deyil ki, çətin duruma düşəndə məsuliyyəti başqasının üstünə atasız... Öz aramızdı, 600 hara, 706 biletin pulunu həzm etmək hara? Hələ mən tribunalara toplaşan 1200 azarkeşi demirəm... UEFA bilsə nə deyəcək?