AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov bir neçə gün əvvəl mediaya açıqlamasında 1-ci divizionda çıxış edən 5 klubun - “Kəpəz”, “Zaqatala”, MOİK, “Turan Tovuz” və “Qaradağ Lökbatan”ın gələn il premyer-liqada iştirak üçün müraciət etdiyini bildirmişdi.
Nəzərinizə çatdıraq ki, ötən mövsüm “hərbçilər” bundan imtina etmişdilər. İndi isə premyer-liqa təmsilçilərinin ikinci komandalarından başqa, hamı əsas çempionatda iştirak etmək istəyir. Maraqlı məqamdı. Yəqin ki, buna səbəb AFFA İcraiyyə Komitəsinin mövsümdən əvvəl, bu il mayın 31-də keçirilən iclasında qəbul olunan qərardı. Həmin məlumatı diqqətinizə çatdırırıq:
“2021/22 mövsümündən başlayaraq, 1-ci divizionda çıxış edən ən azı 2 kluba 2022/23 mövsümündən etibarən sponsorların tapılması məqsədilə AFFA tərəfindən çalışmalara başlanılsın (klublar sponsor tapılmasında çətinliklər yaşadığı üçün)”.
Görəsən, Lisenziyalaşdırma Qrupu bu səbəbdən premyer-liqada iştirak etmək istəyən klublara güzəştə gedəcəkmi? Ümumiyyətlə, bu istiqamətdə hansı yeniliklər var? Suallarımızı qrupun rəhbəri Elçin Məmmədova ünvanladıq:
“Bəli, 1-ci divizionda yarışan bütün klublar premyer-liqada çıxış etmək üçün müraciət edib. Eyni zamanda biz, sadəcə, ərizələri toplamışıq. Lakin sənədlərin təqdim olunması gələn ildən başlayacaq. Klublara yanvardan aprelə kimi bu proseduru həyata keçirmək üçün vaxt veriləcək. Mayda isə qərar qəbul olunacaq. Hazırda klublarla görüşlərimiz keçirilir. Əsasən maliyyə və başqa meyarlar ilə bağlı söhbətlərimiz olur. Cari vəziyyəti araşdırırıq. Baxırıq ki, hansı klubda nə kimi çatışmazlıqlar var. Müəyyən tövsiyələr veririk. İndidən sizə hansı problemlərin olduğunu deyə bilməyəcəm. Çünki sənədləri hələ toplamamışıq. Eyni zamanda da çatışmazlıqlarla bağlı məsələləri birbaşa klublara göndəririk. Məsələn, A meyarı ilə bağlı problem varsa, bunu həmin kluba təqdim edirik. Səbəbi heç vaxt mətbuata açıqlamırıq. Çünki onlarla məxfiliklə bağlı sənəd imzalamışıq. Lakin klublar istədikləri halda bunu mediaya açıqlaya bilərlər. Hələ ki bu barədə danışmaq tezdi. Görüşlərimiz, tədbirlərimiz olur. Klublara güzəşt məsələsinə gəlincə, burda 5 meyar var. Hərəsinin müxtəlif tələbləri var. Bunlar nədi? İdman meyarına akademiyanın olması daxildi. İnfrastruktur, kadr-inzibati meyar var. Burda əməkdaşların ixtisasına baxırıq. Sözsüz, məşqçilər də bura daxildi. Dördüncü hüquq, 5-ci maliyyə meyarıdı. Bu məsələlər istiqamətində klublar sənədləri toplayır. İcraiyyə Komitəsi qərarda 1-ci diviziondan premyer-liqaya klub gətirilməsini bildirib. Bunu şərh etməyə ehtiyac yoxdu. Çünki bu komitə AFFA-nın ali orqanıdı. Bizim qrup lisenziyaları birbaşa vermir. Bunun üçün komissiya var. Hansı ki, onlar mayda sənədləri araşdırıb, qərarları qəbul edir. Bizim işimiz nədi? Klublara dəstək olmaq, mümkün qədər onlara tövsiyələr vermək. Harda çatışmazlıqlar görürük, onlara bildiririk ki, bu problemlər aradan qaldırılsın. Biz hansısa güzəşt etməkdənsə, onlara meyarların yerinə yetirilməsində daha çox dəstək olacağıq. Ötən ayın sonunda yeni mövsümün açılış iclasını keçirdik. Orda yeni qaydaları izah etdik. Ötən mövsüm olan çatışmazlıqları müzakirə etdik. Klublara bildirdim ki, çətinlik çəkdikləri məsələlərlə bağlı bizim ekspertlərə və özümə müraciət edə bilərlər. Bu bizim işimizdi. Onlara kömək etmək istəyirik. Klub bizə hansısa sənədi təqdim etmirsə, burda qiymətləndirməyə də ehtiyac duyulmur. Bizdə keçmişdə belə hallar çox olub. Klublar yüksək yerlərdə qərarlaşıblar. Amma sənədləri ya tam şəkildə, ya da ümumiyyətlə, təqdim etməyiblər. Buna görə lisenziya ala bilməyiblər. Belə hallarda biz heç nə edə bilmərik. Amma müəyyən çatışmazlıqlar görəndə tövsiyə verəcəyik ki, aradan qaldırılsın”.
İLKİN SULTANLI