Xəbər verdiyimiz kimi, AFFA “Keşlə”nin adını dəyişib, Şamaxıya köçürür.
Bunun səbəbi bəllidi. UEFA-nın ayırdığı maliyə hesabına bu şəhərdə stadion tikilib. Həmin arenanın boş qalmaması və regionlarda futbolun inkişafı üçün belə addım atılıb. “Futbol+” qəzeti olaraq, məsələyə fərqli prizamalardan toxunmuşuq. Lakin “Keşlə” azarkeşlərinə bu mövzuda tribuna verməmişdik. Bu səbəbdən də “Old Wolf” azarkeş qrupunun rəhbəri Elnur Yusifova və “Xəzər Universiteti” adlanan vaxtdan komandaya dəstək olan Elçin Həsənova müraciət etdik. Hər iki şəxsə “Keşlə” “Şamaxı” olandan sonra komandaya azarkeşlik edəcəksizmi” və “Bu addım ölkə futboluna xeyir verəcəkmi” sualını ünvanladıq.
Elnur Yusifov:
“Gözləmədiyimiz bir anda bu baş verdi. Komandanın adı “İnter” olandan kluba dəstək oluruq. Həmin vaxt “Tiffozi” adı altında tribunada yerimizi almışdıq. Bizim fanklubun özəyi Zabratda olub. Komanda “ASK Arena”ya köçəndən sonra da dəstəyimizi əsirgəmədik. Düzdü, buna etiraz etdik. Amma kimdi bizə qulaq asan və ya etirazımızı dinləyən. Sonra düşündük ki, komanda böyük qəsəbəyə köçüb, azarkeş çox olar. Keşlə uşaqları bizə qoşular kimi fikirlər formalaşdı. Hər şey göz qabağındadı. Özünüz gördüz. Ad dəyişməklə heç nə olmur. Biz də bu səbəbdən “Old Wolf” azarkeş qrupunu yaratdıq. Səbəbkar mən oldum. Köhnə üzvlərimiz qaldı. Bir çoxları isə sıralarımızı tərk etdi. Bu səbəbdən də bir müddət sayımız az oldu. Amma son oyunlarda, özünüz də görürsüz ki, sıralarımız genişlənib. Həm yeniyetmələr, həm də böyüklər fanklubumuzda yer alıblar. İndi keçək “Keşlə”nin “Şamaxı” olmasına. Bayaq dediyim kimi, “İnter” adını dəyişib “Keşlə” elədilər, nə dəyişdi ki? Bu komandanı Lənkərana, Gəncəyə, Qazaxa, yəni futbol ənənəsi olan bölgəyə göndərsəydilər, başa düşmək olardı. Demirəm ki, Şamaxıda oyunlara azarkeş gəlməyəcək. Buna mən qərar vermirəm. Yaxşı və ya pis olacağını da deyə bilmərəm. Rəhbərlik buna qərar veribsə, biz nə deyə bilərik? Komandanı gedib Şamaxıda dəstəkləməklə bağlı nəsə deyə bilmərəm. Ola bilər ki, Bakıdakı oyunlarda dəstək olaq. Amma bunu zaman göstərəcək. Lakin biz “Keşlə”nin “Şamaxı” olmasını istəmirik. Şəxsən mən, rəhbərlik etdiyim fanklubdakıların heç biri buna razı deyil. Çünki aparacaqlar klubu, 3-5 il yaşayacaq, sonra da batıb gedəcək. Bəlkə də məni bu fikrimə görə qınayacaqlar, amma bu şəxsi mövqeyimdi”.
Elçin Həsənov:
“Mən “Xəzər Universiteti” yaranan gündən bu komandaya azarkeşlik etmişəm. “İnter” dağılana qədər. “Keşlə” olandan bəri bu kluba dəstək olmadım. Səbəb bu idi ki, “İnter”in adı niyə dəyişdi? “İnter”in dağılması Azərbaycan futboluna böyük zərbə idi. Ola bilər ki, AFFA rəhbərliyi və ya futbol ictimaiyyəti “Keşlə”ni “İnter”in davamçısı sayır. Mən şəxsən azarkeş olaraq buna razı deyiləm. “Keşlə”ni yeni yaranmış, “İnter”in naliyyətlərinə yiyələnmiş klub kimi qəbul edirəm. Heç “İnter” də “Xəzər Universiteti”nin davamçısı deyil. O vaxt Hamlet İsaxanlı bunu qəbul etməmişdi. Fikir verirsizsə, “İnter”in loqosunda yaranma tarixi 2004-cü il göstərilib. Bu bir səbəb. Bundan əlavə, “Keşlə”də kimlər qaldı ki, ona da azarkeşlər etsinlər? Yenə deyirəm, onlar “İnter”in Azərbaycan çempionatında, kubokunda naliyyətlərinə hansısa yolla yiyələnmiş klubdu. Gələk “Keşlə”nin Şamaxıya köçməsinə. Onsuz da federasiya ölkə futbolunda nə istəyirsə, edir. AFFA bölgələrdə futbolu inkişaf etdirmək istəyirsə, Lənkərana, Gəncəyə, Tovuza, Qazaxa yatırım etsin. “Keşlə”nin “Şamaxı” olması inkişaf yox, özünü aldatmaqdı. Düzdü, Şamaxı da Azərbaycanındı. Ordakılar da özümüzküdü. Bəlkə də orda komanda formalaşandan sonra əhalinin futbola sevgisi yaranacaq. Amma Şamaxı bu idman növünə görə tanınan bölgəmiz olmayıb. Bu bölgənin özündə sıfırdan komanda yaratmaq daha yaxşı olardı. Ya da Şəmkir, Tovuz, Gəncə kimi rayonlara köçürülməsi məqsədəuyğun olardı. Bu da bir oyundu, oynanırlar. Bilmirik ki, bunun arxasında nə dayanır”.
İLKİN SULTANLI