Həftəsonu keçirilən Braziliya “Qran-pri”sini Lüis Hemilton qazandı.
Halbuki britaniyalı pilot mühərrik və reqlament pozuntusuna görə mübarizəyə 10-cu sıradan başlamışdı. Hemilton 59-cu dövrədə Ferstappeni arxada qoymaqla finişə birinci çatdı. Karyerasında 101-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxan britaniyalı şəxsi birincilikdə Ferstappenlə xal fərqini 14-ə endirdi. 3-cü yeri “Mersedes”in digər pilotu Valtteri Bottas tutdu.
Yeri gəlmişkən, Hemilton finişin ardından yerli marşallardan birindən Braziliyanın bayrağını almaq üçün təhlükəsizlik kəmərlərini açmış, daha sonra hərəkəti davam etdirmişdi. Stüardlar elan ediblər ki, Lüis təhlükəsizlik tələblərini pozub və buna görə 5 min avro cərimələnməlidi. Pilot 20 min avroluq şərti cəza da alıb – yəni mövsümün sonuna qədər buna bənzər hallar baş verərsə, sürücü artıq bu məbləği ödəməli olacaq.