Bu günlərdə Çin idmanında böyük qalmaqal yaşanır.
Xanımlar arasında cütlüklərdə ''Uimbldon'' və ''Rolan Qarros''un qalibi olmuş, eləcə də reytinqdə zirvəyə yüksəlmiş sabiq çinli tennisçi Şuay Pen bu ayın əvvəlində, daha doğrusu noyabrın 3-də aləmi bir-birinə vuran bir paylaşım etmişdi. Çin və Yaponiyanın ən populyar sosial şəbəkəsi olan ''weibo''da paylaşım edən sabiq tennis ulduzu Çinin sabiq baş naziri Çjan Qaolini cinsi zorakılıqda günahlandırmışdı! Senzuranın mövcud olduğu və bütün eyiblərin ört-basdır edilməyə çalışıldığı ölkədə bu paylaşım aydın səmada şimşək effekti vermisdi.
Bundan sonra hadisələr inanılmaz şəkildə cərəyan etməyə başladı. Paylaşım çox keçmədən təbii ki silindi. Növbəti gün axtarış sistemlərində Şuay Penin adı və hətta ''tennis'' sözü istifadədən çıxarıldı. ''Weibo''da həmin gündən bu yana Şuay Pen, tennis və Çjan Qaoli ilə bağlı paylaşım etmək mümkün deyil. Bundan başqa tennisçinin səhifəsindəki bütün əvvəlki paylaşımlar üçün şərh yeri bağlanıb. Amma ən dəhşətlisi odu ki, həmin gündən bu yana Şuay Pen haqda heç bir məlumat yoxdu! Yəni 2 həftəyə yaxındı sabiq tennisçinin harda olduğunu heç kim bilmir. Tennis dünyası da bu qalmaqala biganə qalmayıb. Bir sıra sabiq və indiki tennisçilər Şuay Penin tapılması yönündə paylaşımlar ediblər. Xanımların Tennis Assosiasiyası (WTA) isə Çin hökumətini hərəkətə keçməyə və Peni tapıb üzə çıxarmağa çağırıb.
35 yaşlı Pen qalmaqallı paylaşımında qeyd etmişdi ki, məmur ona ilk dəfə hələ 10 il öncə Çinin Kommunist Partiyasının Mərkəzi Komitəsində işlədiyi dönəmdə təcavüz etmiş və daha sonra onlar uzun illər görüşməmişdilər. 3 il öncə Qaoli artıq baş nazir vəzifəsindən istefa verdikdən sonra o, Peni öz evlərinə həyat yoldaşı ilə birlikdə tennis oynamağa dəvət edibmiş. Tennisdən və birlikdə nahar etdikdən sonra Qaoli yenə Peni onunla cinsi əlaqədə olmağa məcbur edibmiş. Xanım tennisçi sabiq nazirlə sevgili olmaq məcburiyyətində qalmış və onların münasibətləri bu yaxınlarda bitmişdi.