19 yaşadək futbolçulardan ibarət yığma Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirib.
“Football-plus.az” saytının məlumatına görə, Elxan Abdullayevin yetirmələri qrupun ikinci matçında İspaniya ilə üz-üzə gəlib. İlk turda Belçikaya 1:5 hesabı ilə uduzan milli bu dəfə də xala həsrət qalıb. Yığmamız yalnız birinci hissənin yarısınadək rəqibin hücumları qarşısında tab gətirib. Bundan sonra hesabı açan pireneylilərin fasiləyədək fərqi iki topa çatdırıblar. İkinci hissədə daha 4 qol vuran İspaniya 6:0 hesabı ilə qalib gəlib. Millimiz ardıcıl ikinci böyükhesablı məğlubiyyətlə barışmalı olub.
Bununla da yığmalarımızın uğursuz noyabr günləri davam edib. Dörd gün ərzində bütün millilərimiz ən azı 3 qol buraxmaqla uduzub. Ayın 10-da U-19 Belçikaya 1:5, ertəsi gün əsas yığma Lüksemburqa 1:3, srağagün U-21 Avstriyaya 0:3 hesabı ilə uduzmuşdu ki, ənənə yenə U-19-la davam etdi. Qeyd edək ki, Abdullayevin çalışdırdığı komanda noyabrın 16-da qrupun son görüşündə meydan sahibləri Lüksembruqla qarşılaşacaq.
AVRO-2022-nin seçmə mərhələsi
8-ci qrup, 2-ci tur
13 noyabr
İspaniya – Azərbaycan – 6:0
Qollar: Pablo Torre, 23, 69, Niko Serrano, 35, Arnau Martines, 71, Migel Rodriges, 76, Alberto Moleyro, 90+3