Xəbər verdiyimiz kimi, AFFA “Keşlə”nin adını dəyişmək niyyətindədi.
Klubun 2022-ci ildən Şamaxıya köçməsi planlaşdırılır. Assosiasiya “Keşlə”nin hüquqi varisliyinin “Şamaxı”ya verilməsi üçün UEFA-ya müraciət edib. Redaksiyamıza məsələ ilə bağlı məlumat daxil olub. Belə ki, addəyişmə prosesi 2022-ci ilin iyuluna kimi çəkəcək. UEFA müraciəti qısa zamanda təsdiqləsə belə, “Keşlə” yalnız 2022/23 mövsümündən etibarən “Şamaxı” adı ilə premyer-liqada iştirak edə biləcək. Bunun iki səbəbi var:
1. Mövsümün sonuna kimi indiki heyətlə mübarizə aparıb, sonda Şamaxıya getmək istəyən futbolçularla yola davam etmək.
Bildiyiniz kimi, qərar ictimaiyyətə heç kimin gözləmədiyi bir anda açıqlandı. “Keşlə”nin heyətində çıxış edən bir neçə əcnəbi futbolçu Şamaxıya köçmək istəmir. Komandanın çıxışına mane olmaması üçün bu addım yeni mövsümdən atılacaq.
2. Qış fasiləsindən sonra VAR sistemindən istifadə olunması.
AFFA-nın rəsmi açıqlamasına görə, mövsümün ikinci yarısından, daha doğrusu, fevraldan premyer-liqa matçlarında VAR sistemindən istifadə olunacaq. İlkin olaraq 10 stadionda yeni texnologiyadan yararlanmaq mümkündü. Şamaxıdakı arenanın bura daxil edilməsi vaxt alacaq. Bu səbəbdən də komandanın bölgəyə köçü ləngiyəcək.
Mənbəmizin məlumatına görə, klub rəsmiləri və AFFA “Keşlə”ni 2021/22 mövsümünün sonundan ictimaiyyətə “Şamaxı” kimi təqdim edəcək.
İLKİN SULTANLI