Şahruddin Məhəmmədliyev - 3,0
Seyv sayına görə Avropada yığma qolkiperləri arasında 3-cü pillədə qərarlaşmasına baxmayaraq, Lüksemburqla oyunda komandanın xilaskarı ola bilmədi. Xüsusilə 1-ci və 3-cü qol onun ayağına yazılmalıdı. Qonaqların ilk qolunda Jerson Rodrigeş aşırma zərbə ilə hesabı açdı, Şahruddin zərbə anını görməyə bilərdi. Ancaq onun qapı xəttini keçən topu seyr etməsi və heç bir reaksiya göstərməməsi başadüşülən deyil. Lüksemburqluların üçüncü, Rodrigeşin ikinci topunda isə qapıçı yaxın küncə gedən zərbəni dəf edə bilmədi ki, buna görə də onu qınamağa dəyər.
Qara Qarayev - 2,5
Komandanın ümumi zəif oyunu fonunda Qara da heç nə ilə yadda qalmadı. Dayaq yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçunun əsas işi dağıdıcılıq olsa da, rəqibin meydanın mərkəzindən qurulan hücumlarının qarşısını almaqda çətinlik çəkirdi.
Azər Salahlı – 3,5
Əsas işi müdafiənin qayğısına qalmaq olan Azər komandanın vurduğu yeganə qolun müəllifi olmaqla yanaşı, yer aldığı cinahda digər futbolçularla müqayisədə az-çox inamlı təsir bağışlayan oyunçulardan biri kimi yadda qaldı. “Keşlə”nin müdafiəçisi azsaylı hücumlara dəstək verməklə də alqış qazandı.
Bəhlul Mustafazadə - 2,5
Rəqib qapısı önündə yaşanan standart vəziyyətlərdə irəli çıxan müdafiəçi öhdəsinə düşən ən əsas işi yerinə yetirə bilmədi ki, bundan yararlanan qonaqlar 3 qol vurmağı bacardı. Bəhlulun hər 3 qolda fərdi səhvi olmasa da, stopper kimi onun da üzərinə məsuliyyət düşür.
Maksim Medvedev – 2,5
Artıq necənci dəfədi ki, yığmanın oyunundan sonra Maksimin ölkənin əsas komandasının kapitan sarğısını daşımağa layiq olmadığını qeyd edirik. “Qarabağ”da da eyni funksiyanı yerinə yetirən müdafiəçi çətin anda lider kimi irəli çıxıb komanda yoldaşlarını toparlamalı olduğu halda, bu işin öhdəsindən gələ bilmir. Hələ qapımızda gördüyümüz hər üç qolda onun da səhvlərinin olduğunu demirik. Son dəqiqələrdə aldığı sarı vərəqə isə kapitana heç yaraşmadı.
Emin Mahmudov – 2,5
Daim yaradıcılığı ilə seçilən, hücumların qurulmasında fəal rol oynayan Mahmudov Lüksemburqla oyunda gözə dəymədi. Standart vəziyyətlərin mahir ifaçısı kimi tanıdığımız yarımmüdafiəçi sanki bu oyunda “donmuşdu”. Aktivinə yazılası məqamlar incə daban zərbəsi və məhsuldar kornerdi.
Mahir Emreli – 2,5
Polşada legioner həyatı yaşayan hücumçudan çox şey gözlənilsə də, demək olar, heç nə ilə yadda qalmadı. Düzdü, komanda yoldaşları Mahiri heç də istənilən səviyyədə topla təmin edə bilmədi. Ancaq futbolçunun özü də fərdi ustalıq səviyyəsindən istifadə edib rəqib qapısı önündə heç bir təhlükəli vəziyyət yarada bilmədi. Yalnız çox zəif alınan və qapıdan yan keçən uzaqdan zərbəsini qeyd etmək olar. “Legiya”nın heyətində “Lester”, “Napoli” kimi komandaların qapısına yol tapan forvard yığmada hec cür özünü göstərə bilmir.
Ramil Şeydayev – 2,5
Son vaxtlar istər premyer-liqada, istərsə də Konfrans Liqasında vurduğu qollarla “ayağının açıldığını” göstərən forvard heç cür özünü sübut edə bilmir. Meydanda olduğu 68 dəqiqə ərzində heç nə ilə yadda qalmadı.
Tellur Mütəllimov – 1,5
Yəqin bu oyundan sonra “Sumqayıt”ın sol cinah müdafiəçisini karate üzrə yığmaya dəvət edəcəklər. 21-ci dəqiqədə heç bir lüzum olmadan, özü də meydanın mərkəzinə yaxın hissədə rəqib futbolçunu qəddarcasına yerə sərmək ancaq Tellurun ağlına gələrdi. Çətin ki, bundan sonra “kimyaçılar”ın futbolçusunu bir də yığmaya dəvət edələr.
Anton Krivotsyuk – 2,5
Əvvəlki oyunlarda az-çox diqqət mərkəzinə düşməyi bacaran “milliləşdirilən” ukraynalı bu görüşdə müdafiədə yer alan komanda yoldaşları kimi kobud səhvlərlə yadda qaldı.
Filip Ozobiç – 2,5
Daha bir “milliləşdirilən” futbolçu yığmanın zəif bəndlərindən biri kimi yadda qaldı. Çox maraqlıdı ki, “Qarabağ”ın heyətində son vaxtlar parlaq oyun sərgiləyən orta sahə oyunçusu millidə özünə bənzəmir. Mahmudovla yanaşı komandanın hücumlarının qurulmasında yaxından iştirak edən futbolçu Lüksemburqla oyunda sanki özünü yormaq istəmirdi.
Renat Dadaşov – 2,0
68-ci dəqiqədə Şeydayevin əvəzinə meydana çıxan “Tondella”nın forvardı istəkli görünsə də, faydalı heç nə ilə yadda qalmadı.
Rüstəm Əhmədzadə - 2,5
Ukraynada top qovan forvard da sona 22 dəqiqə qalmış meydana çıxdı. Düzdü, Rüstəm oyunda olduğu dəqiqələrdə bir epizodda yarımqol vəziyyətinə girməyi bacardı. Ancaq bunu real qol şansı kimi təqdim etmək olmaz. O da hücum xəttində yer alan yoldaşları kimi rəqibin qapıçısı Şonu ciddi narahat edə bilmədi.
Araz Abdullayev – qiymətsiz
Namik Ələskərov – qiymətsiz