Lüksemburq yığmasının baş məşqçisi Lük Holts DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirilən oyundan sonra mətbuat konfransında iştirak etdi.
Football-plus.az saytının məlumatına görə, qonaqların çalışdırıcısı 3:1 hesablı qələbə haqda bunları dedi:
“Bu gün sürprizlə qarşılaşmadıq. Çünki Azərbaycana qarşı iki ay əvvəl oynamışdıq. Rəqibin yaxşı oyunçuları var. Düzü, qırmızı vərəqə də öz sözünü dedi. Amma komandamın performansından razı qalmadım. Xüsusən də, qırmızı vərəqədən birinci qola qədər yaxşı çıxış etmədik”.
- Uzun müddətdi millinin baş məşqçisisiniz. Lüksemburq yığmasının bu inkişafının, seçmə mərhələdə 9 xal toplamasının və Azərbaycanı qabaqlamasının sirri nədi?
- Bunu sizə demək, hansısa tövsiyə vermək mənə düşməz. Kifayət qədər məşqçilər var. Hər kəsin vizyonu var. Biz sadəcə, futbol fəlsəfəsini dəyişməyə çalışdıq. Əvvəllər müdafiədən oynamaq, çox risk almamağa çalışdıq. Amma bunu dəyişdik. Komanda artıq yüksək səviyyədə pressinq edir, topa sahib olanda hücum futbolu göstərir. Düşünürəm ki, bu səviyyəyə gəlməyimizdə bunun rolu oldu.
- “Şerif”in heyətində yaxşı oyunu ilə diqqət çəkən Sebastyan Till bu gün meydana sonradan daxil oldu. Onun ehtiyatdan başlamasının xüsusi səbəbi var idi?
- Yarımmüdafiə xəttimizdə güclü oyunçularımız çoxdu. Üstəlik, futbolçularımız son vaxtlar çox oyun keçiriblər. Oyunçuların bərpası üçün belə qərar qəbul etdik.