"Kəpəz"də nigeriyalı futbolçunun baxışda olduğunu xəbər vermişdik.
Akinyemi Aleks Viktor artıq bir neçə gündü komandanın məşqlərində iştirak edir. Onun düşərgədə qalıb-qalmayacağını öyrənmək üçün Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadə ilə əlaqə saxladıq.
Yaşar bəy “Football-plus.az” saytına bunları söylədi:
“Qısa vaxtda nigeriyalı futbolçu barədə fikir bildirmək düzgün olmaz. Akinyemi adını çəkmək istəmədəyim menecer tərəfindən bizə təklif olundu. Dayaq yarımmüdafiəçisidi. Ölkəsinin güclülər dəstəsində müxtəlif klubların şərəfini qoruyub. İlk baxışdan pis təsir bağışlamır. Kollektivə də tez uyğunlaşıb. Bir qədər dil problemi yaşayır ki, bu da başadüşüləndi. Cəmi 3 məşqimizdə iştirak edib. Ən azı bir həftə yoxlayacağıq. Yalnız bundan sonra qərarımı bildirəcəm”.
Mətbuatda, sosial şəbəkələrdə futbolçunun yaşı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Onun 35, hətta 40 yaşının olduğu iddia olunur. Vahabzadə söylənilənlərə belə reaksiya verdi:
“Kimin nə söylədiyini deyə bilmərəm. Ancaq Akinyeminin pasportunda 1995-ci il doğumlu olduğu yazılıb. Adamın əlində rəsmi sənədi var”.