Meksika mərhələsi bəlkə də azarkeşlərə o qədər də parlaq yarış kimi görünmədi.
Ancaq “Red Bull” həvəskarlarının onu xatırlamaq üçün əssı var. Axı finiş xəttinə birinci çatan Maks Ferstappen Lüis Hemiltonla xal fərqini daha 7 vahid artırdı. “Red Bull”un digər pilotu Serxio Peres da fəxri kürsüyə qalxdı.
Son dövrələrdə bütün diqqət Hemilton – Peres mübarizəsinə yönəlmişdi. Sona 10 dövrə qalmış fərqi minimuma endirən Serxio britaniyalıya hücum etməyə hazırlaşırdı. Amma yerli publika nə qədər çılğıncasına dəstəkləsə də, meksikalı pilot dünya çempionunu qabaqlaya bilmədi. Bununla belə, tribunalar Peresin evdə ilk dəfə fəxri kürsüyə qalxmasını yetərincə emosional qarşıladı. Cari mövsümdə 9-cu qələbəsini qazanan Ferstappen Hemiltondan artıq 19 xal irəlidədi. Mühəndislər kubokunda isə “Red Bull” “Mersedes”lə xal fərqini minimuma endirdi. İndi bu iki komandanı bir-birindən yalnız 1 xal ayırır.