Pandemiya səbəbindən cari mövsümdə premyer-liqa oyunlarına stadionların tutumunun 30 faizi qədər azarkeşin buraxıldığından xəbəriniz var.
Əvvəlki saylarımızın birində hətta avrokuboklarda bu rəqəmin 50 faiz olduğu halda, premyer-liqa qarşılaşmalarında 30 faiz həddində olmasının heç bir məntiqə sığmadığını, PFL-in bu qərarının absurd olduğunu vurğulamışdıq. Ancaq görünür, Sumqayıtda PFL-in qanunları işləmir. Belə olmasaydı, ötən bazar keçirilən “Sumqayıt” – Qarabağ” matçında tribunalarda matçın AFFA nümayəndəsinin qeyd etdiyi kimi 1320 tamaşaçı olmazdı. Onu da bildirək ki, oyun keçirilən gün səhər saatlarında klubun mətbuat katibi Rəşad Məmmədov bizə açıqlamasında pandemiyanı səbəb göstərib, satışa cəmi 600 bilet çıxardıqlarını, onun da 80-nin qonaq komandanın azarkeşlərinə təqdim olunduğunu bildirmişdi. Belədə tribunlarda 1320 tamaşaçı necə peyda olub? Bəlkə bileti olmayan 720 tamaşaçı stadiona paraşütlə düşüb və bu səbəbdən polis onların qarşısını ala bilməyib?
Bu suala cavab tapmaq üçün yenidən “kimyaçılar”ın mətbuat katibi ilə əlaqə saxladıq:
“Oyun günü sizə açıqlama vermişdim ki, klub satışa 600 bilet çıxarıb. Onu da bildirim ki, Konfrans Liqası çərçivəsində keçirdiyimiz “Çukariçki” ilə matçı nəzərə almasaq, ilk dəfə premyer-liqa oyunumuza bilet satışı təşkil etmişdik. Biletlər pandemiya dönəmində Əsasnamədə göstərilən faiz nisbətində satılmışdı. Çox sevindirici haldı ki, qarşılaşmanın keçirildiyi günün ilk yarısında biletlər artıq tükənmişdi. Bu bir daha göstərir ki, Sumqayıtda futbolu necə sevirlər. O ki qaldı AFFA nümayndəsinin protokolda göstərdiyi 1320 rəqəminə, ola bilsin, azarkeşlərin tribunaları tam doldurduğu görüntüsü yaranmışdı. Ancaq heç də belə deyildi. Reallıqda azarkeş sayı göstəriləndən xeyli az idi. Sadəcə, tribunaların aşağı 3-4 cərgəsinə banerlər və müxtəlif şüarlar yerləşdirilmişdi deyə, tamaşaçılar üst cərgələrdə sıxlıq yaratmışdılar. Onların da, demək olar ki, hamısının əlində kiçik və böyük ölçülü bayraqlar var idi. “Zəfər turu” olduğundan hər iki komandanın fanatları qarşılaşma üçün xüsusi banerlər hazırlamışdılar. Oyunun videoyazısına diqqətlə baxsaz, görərsiz ki, aşağı cərgələr boş qalmışdı, hamı üst sıralara qalxmışdı. “Sumqayıt” klubu olaraq ev oyunlarımızda çalışırıq ki, pandemiya qaydalarına riayət olunsun, hansısa qayda pozuntusuna yol verilməsin”.
Məsələ ilə bağlı çempionatın təşkilinə cavabdehlik daşıyan PFL-dən də reaksiya öyrənməyi lazım bildik. Bu məqsədlə qurumun Texniki-idman şöbəsinin rəhbəri Elgiz Abbasovla əlaqə saxladıq:
“Sumqayıtda futbola maraq həddən artıq yüksəkdi. “Neftçi” ilə matçda yüzlərlə arazkeş stadiondan kənarda qalmışdı. Ondan sonra biz klub rəhbərliyi ilə bu məsələ ətrafında müzakirə apardıq. Bilirsiz ki, “Kapital Bank Arena”da avrokubok oyunları keçirilir. Qaydalara əsasən, 1500 tamaşaçı tutumundan aşağı olan stadionlar qitəmiqyaslı matçları qəbul edə bilməz. Bu isə o deməkdi ki, Sumqayıtdakı arenanın tutumu 1500 nəfərdi. Qarşlıqlı danışıqlar əsasında onun qaydalarla icazə verilən hissəsi qədər bilet satışa çıxarılıb və o say da bizə göndərilən raportda əksini tapıb. Ehtiyac olarsa, həmin raportu sizə təqdim edə bilərik. Sizin gördüyünüz protokol hakimin yazdığıdı. Bilidiyiniz kimi, qarşılaşmadan sonra 3 nəfərin rəsmi protokolu təqdim olunur - baş hakimin, nümayəndənin və inspektorun. Hər kəs aid olduğu quruma raportu təqdim edir. Saytda gördüyünüz hakim protokoludu. Bu məsələnin qaydaların pozulması ilə heç bir əlaqəsi yoxdu. Sadəcə, AFFA nümayəndəsi ilə hakim arasında kommunikasiya problemi yaranıb ki, nəticədə belə anlaşılmazlıq ortaya çıxıb. Ümumi olaraq deyə bilərəm ki, bilet satışı qaydalara uyğun aparılıb”.
RƏŞAD