“Bavariya” rəhbərliyi “Qatar Airways” ilə sponsor müqaviləsini yeniləmək üçün qarşı tərəflə müzakirələrə başlayıb.
Qətər şirkəti ilə əməkdaşlıq hər il kluba təxminən 17 milyon avro qazandırır. Müqavilənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Münhenlilər əməkdaşlığın müddətini eyni şərtlərlə 5 illiyə artırmaq istəyirlər. Amma bu planda problem də var. “Bild” qəzetinin yazdığına görə, əksər fanatlar rəhbərlikdən ərəblərlə müqaviləni qüvvədən salmağı tələb edirlər. Onlar Qətərdə 2022-ci ildə keçiriləcək dünya çempionatı üçün inşa edilən obyektlərdə əmək şəraitinin dözülməz dərəcədə pis olduğunu əsas gətirirlər.
“The Guardian” qəzetinin məlumatına görə, Asiyanın bu ölkəsində indiyədək aparılan inşaat işləri zamanı Hindistan, Pakistan, Nepal, Banqladeş və Şri Lankadan olan azı 6751 işçi həlak olub.