Sabah DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan Lüksemburqu qəbul edəcək.
"Football-plus.az" saytının məlumatına görə, bu gün qarşılaşmadan öncə Canni De Byazi mətbuat konfransında iştirak edib. İtaliyalı mütəxəssis matç haqda fikirlərini səsləndirmədən jurnalistlərin suallarını cavablandırıb.
- Komandanın qrup sonuncusu olacağı dəqiqləşib. Komandanı sabahkı oyuna motivasiya etmək nə qədər çətindi?
- İlk növbədə Zəfər Gününüz mübarək! (Azərbaycan dilində - red.). Uşaqlar çox istəklidi. Göstərmək istəyirik ki, bizə qarşı oynamaq asan deyil. Daha da inkişaf etməli, yaxşılaşmalıyıq. Ən vacib olan sabah meydanda 100 faizdən artığını qoymaqdı.
- AFFA-nın türkiyəli mütəxəssslərlə danışıq apardığı barədə xəbərlər var. Bu söhbətləri bilə-bilə komandaya rəhbərlik etmək necə təsir edir?
- O baxımdan bəxtim gətirib ki, Azərbaycan dilini yaxşı bilmirəm. Açığı, bu şeylər məni elə də maraqlandırmır. İşimi görməyə çalışıram. Heç kim gözləmirdi ki, qrupda ilk iki yerdən birini tutacağıq. İlluziyalarla yaşamamalıyıq. Vaxt lazımdı, bir gün ərzində hər şeyi dəyişə bilmərik. Bu tsikldə milliyə bir neçə gənc futbolçu cəlb etdik. Zamanla daha çox inkişaf edə bilərik.
- Höccət Haqverdi cəzalı olduğu üçün oynamayacaq. Gənc müdafiəçilər – Cəlal Hüseynov və Mərt Çəlikdən birinə şans verə bilərsizmi?
- Mərtin bir qədər problemi var. İstəyirik ki, ən azı ehtiyat skamyada olsun. Cəlalı çox bəyənirəm. Çalışacağıq bu iki matçdan birində ona şans verməyə çalışacağıq. Ancaq gəncləri belə məsuliyyətə salmaq istəmirik.
- Mahir Emreli “Legiya”da qolları sıralasa da, millidə uzun müddətdi fərqlənə bilmir...
- Onun üçün vacib olan sakitliyini qoruyub bütün gücünü meydana qoymasıdı. Şanslar olacaq, qol özü gələcək. Lüksemburqla ilk oyunda da fürsəti olmalıdı. Bu barədə çox düşünməməlidi.
- Məsuliyyəti gənclərə yükləməyəcəyinizi söylədiz. Rəqib komandanın baş məşqçisi isə cavanları meydana buraxacağını söylədi. Siz gələcəyə istiqamətlənib gəncləri oynatmağı düşünmürsüz?
- Sabah fərqli heyət görəcəyik. Bəzi oyunçularımız zədə səbəbindən olmayacaqlar. Lüksemburq yaxşı komandadı. 12 ildi eyni baş məşqçinin rəhbərliyi altında oynayırlar. Onların gəncləri dedikdə, azı biri “Borussiya”da (Münhenqladbax) oynayır. Bizdə isə çempionatda 8 komanda var və onlarda çoxlu əcnəbilər çıxış edir. Bir layihə olmalıdı. Bunun üçün isə vaxt lazımdı. Yavaş-yavaş inkişaf etmək olar.
- Hər dəfə vaxt lazım olduğunu söyləyirsiz. AFFA-ya hansı layihələri təqdim etmisiz? Bunların içində çempionatda limit məsələsi və premyer-liqada komanda sayının artırılması varmı?
- Federasiya fikirlərimi təxminən bilir. Məlumdu ki, hansı futbolçularla oynayırıq. Renat uzun müddət yox idi, Bədavi zədəlidi. Seçimimiz azdı, 40 futbolçumuz var. Gənclər daha çox olmalıdı. Gələcəkdə millimizdə daha keyfiyyətli futbolçuların olması üçün gənclərə diqqət etmək lazımdı. Heç nə bir gündə həll olunmur. Zamanla bir layihə üzərində inkişaf etmək mümkündü.