Bu mövsüm azərbaycanlı futbolsevərlərin xüsusi maraqla çıxışını izlədiyi ''Legiya'' faciəvi nəticələr göstərməkdə davam edir.
Düzdü, həmyerlimiz Mahir Emreli hazırda rəsmi oyunlarda vurduğu 11 qolla komandanın ən yaxşı bombardiridi və bu məqam sevindirməyə bilməz. Amma digər tərəfdən Polşa futbolunun flaqmanının bu dərəcədə zəif çıxış etməsi də narahat etməyə bilməz.
14 turu arxada qalan Polşa çempionatında paytaxt təmsilçisi 12 oyun keçirib və 3 qələbə, 9 məğlubiyyətlə topladığı 9 xalla sondan əvvəlki, yəni 17-ci pillədə qərarlaşıb! Hətta komanda son 6 turun heç birində xal qazanmayıb. Sentyabrın 19-da debütant Lençna ''Qurnik''i ilə görüşdə əldə olunan qələbə (3:1) hələ ki, klubun daxili birincilikdə son zəfəridi. Halbuki o vaxtdan bu yana artıq 51 gün ötüb! Ardıcıl 6 məğlubiyyət ''Legiya''nın 1950-dən bu yana ən uğursuz seriyasıdı. 71 il öncə bu cür seriya yaşanarkən komanda sonda yalnız daha yaxşı top fərqinə malik olduğu üçün elitadakı yerini qoruya bilmişdi. Noyabrın 21-də səfərdə Zabrze ''Qurnik''inə də uduzacağı təqdirdə ''Legiya'' öz antirekordunu təkrarlayacaq. Varşavalılar bu aqibətlə sonuncu dəfə 1936-da üzləşiblər və o vaxt komanda sonda elitanı tərk etmişdi!
Maraqlıdı ki, XXI əsrə nəzər salsaq, görərik ki, son çempion statusunda olanlar arasında mövsümə ''Legiya''dan da zəif başlayan klub olub. Söhbət ''Lex''dən gedir. Poznan təmsilçisi 2014/15-də tarixinin 7-ci və bu ana qədər olan sonuncu çempionluğunu qazandıqdan sonra növbəti mövsümə çox zəif başlamışdı. Komanda 12-ci turdan sonra 6 xalla o vaxt 16 komanda ilə oynanılan çempionatda sonuncu (!) pillədə idi. Amma bu ''Legiya'' ilk 12 tur üçün həmin ''Lex''dən həm daha çox məğlub olub (uyğun olaraq 9 və 8) və daha çox top buraxıb (22 və 21).