Mövsümə çempionluq hədəfi ilə başlayan ''Fənərbaxça'' bundan əvvəlki illərdə olduğu kimi yenə fanatlarını üzməkdə davam edir.
Həftəiçi AL-də ''Antverpen''lə səfər oyununda parlaq qələbə qazanmasına rəğmən ''Fənər'' dünən ''Kayserispor''la ev oyununda qələbəyə həsrət qalaraq yenə önəmli xallar itirdi (2:2). Bununla da komandanın superliqadakı qələbəsiz seriyası 4 oyuna yüksəldi. ''Fənər''in sonuncu dəfə belə uğursuz seriyası 2019/20 mövsümünün sonlarına yaxın olub. 12 tura topladığı 20 xalla ''Beşiktaş''la 6-7-ci pilləni bölüşən ''Fənər'' lider ''Trabzonspor''dan artıq 10 xal geridədi!
''Kayserispor''a qarşı son matçda ''Fənərbaxça''nın yaşadığı şanssızlıqlar da diqqətdən qaçmadı. Bextsizlik artıq 33-cü dəqiqədə İrfan Can Kahvecinin penalti zamanı topu dirəyə nişanlaması ilə başladı. Amma 39-cu dəqiqədə qonaqların ''çərçivə''yə düşən ilk zərbəsi qolla nəticələndi! 52-ci dəqiqədə Sərdar Dursununun zərbəsi də dirəyə tuş gəldi və bundan 10 dəqiqə sonra ''Kayserispor'' 2-ci qolu vurdu. Ən maraqlısı odu ki, 69 və 79-ci dəqiqələrdə qonaqları daha 2 dəfə qoldan tir xilas etdi. Yəni ''Fənər'' matç ərzində 4 dəfə tir və dirəyi nişan aldı. Ümumilikdə ötən mövsümün əvvəlindən bu yana ''sarı-lacivərdlilər''in 26 zərbəsi tir və dirəkdən dönüb ki, bu da bütün klublar arasında ən yüksək göstəricidi! Penalti isə qəribə şəkildə bu mövsüm ''Fənər''in ən yaralı yerinə çevrilib. AL-də ''Ayntraxt'' səfərində son anlarda Pelkas penaltini qaçırmışdısa, ''Antverpen''lə ev oyununda Valensiya 2 penaltidən yalnız birini dəqiq vurmuşdu. Dünənki oyunda İrfan Canın da fürsəti boşa verməsi ilə ''Fənər'' bu mövsüm ilk 4 penaltidən yalnız birini dəqiq yerinə yetirmiş oldu. Düzdü, son saniyələrdə Məsut Özil məhz penalti zərbəsi ilə komandanı məğlubiyyətdən xilas edərək bu statistikanı bir qədər yaxşılaşdırdı (5-dən 2-si).