Basketbol üzrə Avroliqanın baş direktoru Xordi Bartomeu mövsüm bitəndən sonra postunu tərk edəcək.
Turnirin Direktorlar Şurasının Barselonada keçirilən iclasında maliyyə məsələsini qaldıran 8 klub ispan menecerə ciddi iradını çatdırıb. Bu klublar sırasında ÇSKA, “Olimpiakos”, “Panatinaikos”, “Makkabi”, “Jalgiris”, “Efes”, “Milan” və “Bavariya”nın adı çəkilir. İspaniya təmsilçiləri – “Real”, “Barselona” və “Baskoniya” Bartomeunun tərəfini saxlayıb. “Fənərbaxça” və ASVEL neytrallığını qoruyub. Klubların iradları əsasən maliyyə problemi və turnirin gəlirlərinin bölüşdürülməsi ilə bağlıdı. Bartomeu son 21 ili bu posta keçirib.
Düzdü, Bartomeuya etimad göstərilib-göstərilməməsi ilə bağlı səsvermənin nəticəsini fərqli təqdim edən həmkarlarımız da var. Məsələn, Aris Barkas iddia edir ki, səsverməyə qatılan 11 klubdan 6-sı – ÇSKA, “Makkabi”, “Olimpiakos”, “Panatinaikos”, “Efes” və “Milan” Bartomeunun istefasının lehinə, 5-i – “Real”, “Barselona”, “Baskoniya”, “Jalgiris” və “Fənərbaxça” isə əleyhinə səs verib. ASVEL və “Bavariya” uzunmüddətli lisenziyaya yiyələnsələr də, bu klubların hələ ki səs hüququ yoxdu. O da bildirilir ki, Avroliqanın yeni rəhbərliyi Bartomeuya məsləhətçi vəzifəsini təklif etmək fikrindədi.